AZ

Sərhədlərimiz necə qorunur: Sərhəd Nəzarəti Komandanlığında bir gün - VİDEO REPORTAJ

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığında media nümayəndələrinin iştirakı ilə mediatur keçirilib.

Mediatur DSX-nin tabeliyində olan beş komandanlığın tarixi və gördüyü işlər barədə məlumatı ictimaiyyətə çatdırmaq, fəaliyyətinin müxtəlif aspektlərini jurnalistlərlə bölüşmək məqsədlə baş tutub.

İlk olaraq Sərhəd Nəzarəti Komandanlığının rəisi general-leytenant Elşən Verdiyev komandanlığın tarixi və gördüyü işlər barədə məruzə edib.

O bildirib ki, dövlət sərhədindən hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin artmasını nəzərə alaraq, etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə Ali Baş Komandanın 5 iyun 2017-ci il tarixli müvafiq Fərmanı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığı yaradılıb.  

"Sərhəd Nəzarəti komandanlığının əsas vəzifələri dövlət sərhədindən buraxılış məntəqələrindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət sərhədindən buraxılışı, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, həmçinin narkotik va­sitələrin, psixotrop maddələrin və onların prekusorlarının, zəhərli, radioaktiv, part­layıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının dövlət sərhədindən qanunsuz ke­çiril­məsinin qarşı­sının alınmasından ibarətdir.

Dövlət sərhədindən buraxılış məntəqələrinin şöbə və bölmələrinin xidməti fəaliyyəti müasir tələblərə cavab verən ümumi sahəsi 1000 kvadrat metrdən ibarət olan 5 mərtəbəli inzibati binada yerləşən Sərhəd Nəzarəti Komandanlığı tərəfindən idarə edilir. Dövlət sərhədindən buraxılış məntəqələrində şöbə və bölmələrin xidmətinin təşkili və aparılmasına nəzarətin təmin edilməsi Sərhəd Nəzarəti komandanlığında yaradılmış müasir tələblərə cavab verən videomüşahidə sistemləri vasitəsilə fasiləsiz olaraq həyata keçirilir.

Sərhəd Nəzarəti komandanlığının əsasını qərargah və bütün dövlət sərhədindən buraxılış məntəqələrində xidmət edən şöbə və bölmələr təşkil edir. Dövlət sərhədlərində mövcud olan 40 dövlət sərhədindən buraxılış məntəqəsinə 16 avtomobil və piyada yolu, 10 dəniz limanı, 9 beynəlxalq hava limanı, 5 dəmir yolu daxildir.

Dövlət sərhədindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin artımını nəzərə alaraq müasir tələblərə uyğun dövlət sərhədindən buraxılış məntəqələri inşa edilərək sərhəd infrastrukturu yaradılıb.

Vətəndaş məmnuniyyətinin təmin edilməsi, mümkün problemlər barədə operativ məlumatların əldə olunması və vaxtında aradan qaldırılması məq­sədilə Sərhəd Nəzarətinin komandanlığında yaradılmış 16-58 nömrəli qaynar xətdə 100 mindən artıq vətəndaş müraciəti daxil olub və müvafiq qaydada cavablandırılıb.

Sərhəd Nəzarətində xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığı və hərbi qulluqçuların xarici dil səviyyəsinin təkmilləşdirlməsi ilə əlaqədar DSX Akademiyasında və Sərhəd Nəzarətinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində mütəmadi olaraq kurslar təşkil olunur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunması uğrunda gedən döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən 152 hərbi qulluqçu iştirak edib. Bu döyüşlərdə Sərhəd Nəzarətinin 2 hərbi qulluqçusu şəhid olub, 7 hərbi qulluqçusu isə yaralanıb".

General- leytenant əlavə edib ki, tarixi zəfərdən sonra AZərbaycanın əsas strateji hədəfləri Gorus-Qafan avtomobil yolunun Azərbaycan Respublikasına düşən hissəsinin və “Laçın yolu”nun nəzarətə götürülməsindən ibarət olub. Bununla bağlı 12 sentyabr 2021-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədində Qubadlı rayonunun Eyvazlı kəndində “Eyvazlı” və 12 noyabr 2021-ci il tarixdə isə Zəngilan rayonunun Qazançı kəndində “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlamaqla etibarlı sərhəd nəzarətinin təşkili təmin olunub.

"Ölkəmizin suveren hüquqlarının və ərazi bütövlüyünün tam təmini məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin aprel ayının 23-də həyata keçirilən tədbirlər nəticəsində Laçın-Xankəndi yolunun başlanğıcında Sərhəd Nəzarəti xidməti fəaliyyətə başladı. Qarşıya qoyulmuş tapşırıqların, əmr və göstərişlərin icrası təmin olundu.

Vətən müharibəsindən sonra Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarında sərhəd infrastrukturu yaradılaraq istismara verildi. Hazırda “Laçın” beynəlxalq hava limanının və “Ağbənd” dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi davam etdirilir, “Xudafərin” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması isə nəzərdə tutulub.

Dövlət sərhədindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin sürətli və elektron qaydada rəsmiləşdirilməsini təmin etmək məqsədilə bütün dövlət sərhədindən buraxılış məntəqələrində “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi”nin (İAMAS) stasionar və səyyar iş yerləri quraşdırılıb.

Hazırda sistemə qoşulan aidiyyəti dövlət qurumlarının səlahiyyətləri çərçivəsində məlumatların elektron qaydada sistemə ötürülməsi və elektron sorğu əsasında sistemdən alınması təmin edilir".

Rəis bildirib ki, dövlət sərhədinin buraxılış məntəqələrindən keçən nəqliyyat vasitələrində radioaktiv maddələrin aşkar edilməsi məqsədilə  bütün dövlət sərhədindən buraxılış məntəqələrində stasionar və səyyar radiasiya aşkarlanma avadanlıqları quraşdırılıb.

Rəisin çıxışından sonra Dövlət Sərhəd Xidmətinin tarixi, gördüyü işlər və əldə etdiyi nailiyyətləri özündə əks etdirən videoçarx təqdim olunub.

Daha sonra media nümayəndələri Sərhəd Nəzarətinin videomüşahidə və "qaynar xətt" "qaynar xətt" mərkəzi ilə tanış olublar. Bildirilib ki, mərkəzin növbətçi heyyəti nəqliyyat vasitələrinin buraxılışını daim nəzarətdə saxlayır. Həmçinin əlavə edilib ki, "qaynar xətt" xidməti 24 saatlıq iş rejimində fəaliyyət göstərir.

Jurnalistlər və hərbi ekspertlər Sərhəd Nəzarəti Komandanlığının sənədlərdə saxtakarlığın aşkar edilməsi üçün səyyar təlim qurğusu ilə tanış olublar. DSX- nın Dövlət Nəzarəti Komandanlığının baş zabiti Mahir Soltanov bildirib ki, bu avadanlıqlarla saxta pasportlar ifşa olunur.

Sərhəd Nəzarətinin nəzdində kurslara cəlb olunmuş heyət üçün tədris sinifləri, xidməti və istirahət otaqları, konfrans və idman zalları və yeməkxana ilə də tanışlıq həyata keçirilir.

Daha sonra isə səyyar radiasiya aşkarlama avadanlığının işi barədə əyani məlumatlar verilib.

Mayor Məhərrəmli cihazlar haqqında detalları açıqlayıb.

Komandanlığın kapitanı Hüseyn Qənbərli dövlət sərhədində narkotik vasitələrin və partlayıcı maddələrin aşkar olunması üçün xüsusi hazırlanmış xidməti itlər barədə məlumat verib: “Narkotik vasitələrin, partlayıcı maddələrin və izlərin axtarışı üçün daha çox xüsusi təlim keçmiş alman çoban, Belçika malinois itlərindən istifadə olunur. Bu cinslər qoxuların hiss olunması və axtarış üzrə daha yüksək iş qabiliyyətinə malikdirlər. Onlar öz iş fəaliyyətlərini yekunlaşdırdıqdan sonra mühafizə sahəsinə yönləndirilirlər”.

Ardınca isə DSX- nın Çaki ləqəbli iti gizlədilmiş narkotikanı tapır.

Sonda media nümahəndələri Sərhəd Nəzarətinin Heydər Əliyev Beynəlxalq Aeroportundakı əməkdaşlarının iş fəaliyyəti ilə tanış olublar. DSX Sərhəd Nəzarət Komandanlığının hərbi qulluqçusu mayor Nicat Cahidzadə bildirib ki, COP29 zamanı hər hansı fövqəladə hallar baş verdiyi halda sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər görülüb. Onun sözlərinə görə, tədbirə gələcək qonaqlar COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən qarşılanacaq, xüsusi nəzərdə tutulmuş keçid zolaqları ilə sərhəd nəzarət kabinələrinə yönəldiləcəklər:

“Sərhəd Nəzarət Komandanlığının hərbi qulluqçuları qanunla nəzərdə tutulmuş qaydada və sürətli bir zamanda sənədlərin yoxlanışını həyata keçirəcək. COP29 vizası ilə gələn əcnəbi vətəndaşlar 45 saniyə, Azərbaycan vətəndaşları isə 30 saniyə müddətində rəsmiləşdirilərək dövlət sərhədindən buraxılacaq.

Hazırda bütün iş yerlərində və sistemlərimizdə gücləndirilmiş iş rejiminə keçilib. Tədbirdən öncə və tədbir zamanı əməliyyat şəraitlərini ciddi nəzarətdə saxlayacağıq. Eləcə də şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən qanunvericilik çərçivəsində, eləcə də gecikmələrə yol verilmədən keçidinin təmin olunmasına nəzarət ediləcək”. 

O, bildirib ki, COP29 zamanı sıxlığın qarşısının alınması ilə bağlı şəxsi heyətin sayı çoxaldılıb:

“Xüsusi və müasir texniki vasitələrdən istifadə edilməklə sərnişinlərin daha sürətli rəsmiləşdirilməsi, məlumatların elektron qaydada bazaya ötürülməsi və dövlət sərhəd xidmətindən burraxılması nəzərdə tutulub".

Media-tur Heydər Əliyev Beynəlxalq Aeroportunda vətəndaşların qəbulu prosesi ilə tanışlıqla, Sərhəd Nəzarəti Komandanlığının gördüyü işlər barədə məlumat almaqla, əməkdaşların iş prosesinin izlənilməsi ilə davam edib.

Mediaturda iştirak edən hərbi ekspert Ədalət Verdiyev sərhədlərimizin necə qorunmasını Musavat.com-a şərh edib.

Sonda isə general-leytenant Elşən Verdiyevlə birgə xatirə fotosu çəkdirilib.

Şahanə Rəhimli,
Musavat.com 

Seçilən
78
2
musavat.com

10Mənbələr