AZ

Ətraf mühit ümumi evimizdir

Müasir dövrdə iqlimin getdikcə istiləşməsi, səhralaşma prosesinin zaman ötdükcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması bəşəriyyəti narahat edən ən qlobal ekoloji problemlərdir.

İllər keçdikcə sadalanan bu problemlərin həlli üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da aktuallaşır. Bir vaxt kiçik bir təbiət hadisəsi kimi izah olunan problemlər bu gün artıq bəşəriyyət qarşısında qlobal, qarşısıalınmaz fəlakətlərlə başa çata biləcək proses kimi ciddi narahatlıq doğurur.

1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilən beynəlxalq konfransda dünyanın gələcək inkişafının, ilk növbədə, ekoloji problemlərin aradan qaldırılmasından asılı olacağı qeyd edilib. Bu toplantıda dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilib və mühüm qərarlar, o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilən “Dayanıqlı inkişaf konsepsiyası” qəbul edilib.

Adıçəkilən konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, burada üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ilk növbədə, ekoloji problemlərin həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilib. Buna nail olmaq üçün iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunması diqqətdə saxlanılıb.

Rio-de-Janeyro konfransı ekoloji problemlərin həllində hər bir ölkənin ətraf mühitinin qorunması problemini ümumbəşəri kontekstə çıxarıb. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapıb. Belə ki, bu yaxınlaradək, hətta NATO kimi təşkilatlar belə yalnız məhəlli münaqişələrin həlli və təhlükəsizlik problemləri ilə məşğul olurdusa, indi onların fəaliyyətlərində ekoloji problemlər gündəliklərin önündə yer alıb.

Respublikada “Dayanıqlı inkişaf konsepsiyası”nın prinsiplərindən irəli gələn mədələlərin gerçəkləşdirilməsi, iqlim dəyişikliyi ilə əlaqədar layihələrin reallaşdırılması ötən illər ərzində daim diqqətdə saxlanılıb. Bununla bağlı respublika Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 19-cu bəndinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram” hazırlanıb və 2003-cü il fevralın 18-də qəbul edilib.

Ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi olan bu sənədin icrası ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, regional və beynəlxalq səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını gerçəkləşdirərək iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəldilib.

Azərbaycanda son illərdə iqtisadi göstəricilər yüksəlib, bir çox istehsal sahələri müasirləşdirilib və yenidən qurulub. Nailiyyətlərin əldə edilməsi ilə sosial-iqtisadi göstəricilərin yüksəlməsi və bunun nəticəsində insanların rifahının daha da yaxşılaşması dövlət tərəfindən əsas prioritet kimi qəbul edilib. Bu prosesin həyata keçirilməsi üçün dayanıqlı inkişaf prinsiplərinin istifadəsi əhəmiyyətli amil kimi diqqətdə saxlanılıb.

Azərbaycanda əvvəllər havanı, suyu və torpağı ciddi çirkləndirən mənbələr, xüsusilə Sumqayıt və Bakıda yerləşən yanacaq–energetika və neft–kimya komplekslərində köhnəlmiş texnologiyaların yenilənməsinə başlanılıb, qəza nəticəsində tez–tez dayanmalar aradan qaldırılıb, ətraf mühitin yaxşılaşdırılması məqsədilə çirkləndirici maddələr istehsalının qarşısı alınıb. Müasir texnologiyaların tətbiqi hesabına yüksək keyfiyyətli sənaye məhsulu istehsalına nail olunub.

Milli Proqramda qeyd edilirdi ki, ölkənin bir çox sənaye sahələrində təbii və süni radioaktiv mənbələrin toplanması və istifadə olunmasını nəzərə alaraq radiasiya təhlükəsizliyinə diqqət artırılmalıdır. Radiasiya mənbələrinin vaxtaşırı inventarlaşdırılması, tullantıların xüsusi ayrılmış yerlərə təhvil verilməsi, radiasiya fonuna nəzarət dayanıqlı inkişaf konsepsiyası çərçivəsində yenidən təşkil olunmalıdır. Bununla bərabər, sənaye müəssisələri tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün ekoloji menecmentin inkişafı reallaşdırılmalı, müxtəlif proqram və layihələrin, o cümlədən “Təmiz istehsalat proqramı”nın tətbiqi gerçəkləşdirilməlidir.

Adıçəkilən milli proqram qəbul ediləndən indiyədək ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinə qarşı mübarizənin gücləndirilməsi və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması üçün səmərəli istifadə edilməsinə xüsusi önəm verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə zəruri tədbirlər həyata keçiriməsini diqqətdə saxlayıb. Görülən işlər təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması kimi istiqamətlərdə böyük rol oynayıb və respublikamızın ərazisində ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasında böyük irəliləyişləri şərtləndirib.

Son illərdə Heydər Əliyev Beynəlxalq Hava Limanı və ona yaxın yerlərdə çirklənməyə məruz qalmış ərazilərin təmizlənməsi və Abşeron yarımadasında ekoloji standartlara cavab verməyən torpaqların inventarlaşdırılması, eləcə də qiymətləndirilməsi kimi layihələr həyata keçirilib. Bu məqsədlə ölkəyə İtaliyanın “Wood Amec Foster Wheeler” şirkəti cəlb olunub, Abşeron yarımadasında gələcək istifadə təyinatından asılı olaraq təmizləmə metodologiyası nəzərə alınmaqla çirklənmiş ərazilərin beynəlxalq standartlara uyğun inventarlaşdırılması və qiymətləndirilməsi aparılıb. Bununla yanaşı, neft və neft məhsulları ilə çirklənmiş ərazilərin ekoloji bərpası məqsədilə “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası”, Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” üzrə layihələr reallaşdırılıb.

Ətraf mühitə mənfi təsir göstərən səbəblərdən biri olan bərk məişət tullantılarının, xüsusilə də ətraf mühiti çirkləndirən əsas amillərdən olan plastik tullantıların ərazilərdən təmizlənməsinə mühüm önəm verilib. Plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində cəmiyyətdə genişmiqyaslı təbliğat kampaniyası aparılıb, plastik tullantıların ətraf mühitə və insanların sağlamlığına mənfi təsirləri, dünya ölkələrinin plastikdən imtina və onun istifadəsinin məhdudlaşdırılması ilə əlaqədar təcrübələri, eyni zamanda, polietilen torbaların alternativləri barədə paylaşımlar edilib.

Ekoloji tarazlığın pozulmasında antropogen təsirlərin, iqlim dəyişmələrinin –anomal iqlim şəraitinin, təbii fəlakətlərin artmasının da böyük rolu var. İqtisadiyyatın inkişafı, demoqrafik artım, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, su ehtiyatlarının çirkləndirilməsi, sənaye müəssisələri və avtonəqliyyatın atmosferi zəhərləməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması, biomüxtəlifliyin, meşələrin, flora və faunanın qorunmaması da ətraf mühitə öz mənfi təsirini göstərir.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyənin qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkəmizdə ekoloji siyasətin əsas istiqamətləridir və bu yöndə zəruri tədbirlər həyata keçirilir.

 

Seçilən
48
xalqqazeti.az

1Mənbələr