AZ

Dinc döyüş və özünümüdafiə idmanı

Kiçik yaşlılar samboya böyük maraq göstərirlər

Güləş və döyüş idman növlərinin uşaqlar üçün üstünlüyü onlarda möhkəm xarakter formalaşdırmaq və dözümlülük yaratmaqdır. Silahsız özünü müdafiə etməyi öyrədən sambo yeniyetmə və gənclər arasında populyarlığı ilə seçilir. Azərbaycanda bu idman növü son vaxtlar uşaqlar arasında geniş yayılıb.

Sambonun kütləviliyinin təmin edilməsində uşaq-gənclər idman məktəblərində fəaliyyət göstərən bölmələrin xüsusi rolu var. Böyüklərdən ibarət milli komandanın və Təhsil İdman Mərkəzinin baş məşqçisi Vahid Tarverdiyev ilə söhbətimiz də bu barədə oldu. Təcrübəli mütəxəssis hazırda uşaq-gənclər idman məktəblərində 42 məşqçinin gənc nəslə sambonun sirlərini öyrətdiyini bildirdi:

– Sambo döyüşçünün təkcə bədənini deyil, həm də ruhunu gücləndirir. Dərslərdə əsas diqqət bu idman növünün texnikasını öyrətməklə yanaşı, həm də uşaqların dözümlüyünü artırmağa yönəldilir. Hazırda uşaq-gənclər və idman məktəblərində, ümumilikdə, 88 qrupda 1000-ə yaxın uşaq bu idman növü ilə məşğul olur.

Güləşin elementlərini özündə birləşdirən döyüş sənəti kimi məşhur olan samboya uşaqların çox maraq göstərməsi təqdirəlayiqdir. Qeyd edək ki, 9-10 yaşadək uşaqlar ibtidai hazırlıq qruplarına cəlb olunur. Onlar daha sonra təlim-məşq, idman təkmilləşdirmə və yüksək idman ustalığı qruplarında hazırlıqlarını davam etdirirlər.

Baş məşqçi Yevlax, Gəncə, Sumqayıt, Bərdə, Quba, Xaçmaz, Şabran, Siyəzən və başqa yerlərdə də məktəbyaşlı uşaqların sambo ilə məşğul olması üçün şərait yaradıldığını söylədi. Bildirildi ki, Təhsil Respublika İdman Mərkəzinin açıq birinciliklərində, eləcə də respublikadaxili digər turnirlərdə müxtəlif yaş qrupları üzrə uşaqlar güclərini sınayırlar. Bayramlarda nümunəvi çıxışlar bu idman növünə marağı daha da artırmaq məqsədi daşıyır. Digər tərəfdən, bölmələrə uşaq cəlb etmək üçün orta məktəblərlə əlaqə yaradılır. Məşqçilər təhsil müəssisələrində uşaqlarla görüşür, onları sambo məşqlərinə dəvət edirlər.

Yeniyetmələrdən ibarət millinin baş məşqçisi Yaqub Abdullayev də döyüş sənəti dərslərinin uşaqlar üçün böyük faydası olduğunu bildirdi. Qeyd etdi ki, belə dərslər immun sisteminin güclənməsini, ahəngdar fiziki inkişafı, xarakterin və nizam-intizamın möhkəmlənməsini təmin edir. Döyüş sənəti ilə məşğul olan uşaqlar digərləri ilə müqayisədə sosial adaptasiyada daha yaxşı nəticələr göstərirlər. Təcrübəli mütəxəssis uşaqlar arasında daha çox samboçu yetişdirilməsi və nüfuzlu yarışlarda yeni nailiyyətlər əldə edilməsi üçün yaradılan imkanların yaxşı nəticə verdiyini bildirdi:

– Bu il kişilər arasında Avropa çempionatında Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medal qazanıblar. Gənclərin yarışında Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq) 2-ci, Pünhan Göyüşov (79 kq) 3-cü yerləri tutublar. Yeniyetmələrin mübarizəsində isə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq), Hacıbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıblar. Komandanın üzvü Murad Fətullayev (58 kq) yeniyetmələr arasında dünya birinciliyində 2-ci nəticəni göstərib. BRICS-ə üzv dövlətlər arasında İdman Oyunlarında Rəsul Aydəmirov (98 kq), VIII Beynəlxalq “Asiya Uşaqları” İdman Oyunlarında İbrahim Talıbov (53 kq) 3-cü yeri tutublar.

Sambo üzrə milli hazırda GöyGöl Olimpiya İdman Kompleksində Vahid Tarverdiyevin rəhbərliyi altında hazırlıq keçir. Təlim-məşq prosesi noyabrın 6-da Qazaxıstanın Astana şəhərində kişilər arasında start götürəcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Baş məşqçi sonda bu yarışda millimizin 7 çəki dərəcəsində mübarizə aparacağını bildirdi:

– Onların hər birinin medal qazanmaq potensialı var. Bu nüfuzlu yarışa yüksək nəticələr üçün gedəcəyik.

Bu gün mötəbər yarışlarda qələbə qazanan hər bir idmançı gənc nəslə örnək olur. Bu, kiçik yaşlı uşaqların böyük nailiyyətlər qazanması üçün gözəl motivasiyadır. Əminik ki, samboçularımız onlara bəslənilən ümidləri doğruldacaqlar.

Leyla QURBANOVA
XQ

Seçilən
27
xalqqazeti.az

1Mənbələr