BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti illik iclasının (COP29) Bakıda keçirilməsinə xarici mətbuat tənqidi münasibət bəsləyir. Buna səbəb, bəzi qüvvələrin Azərbaycanın neft ölkəsi olması səbəbindən yeni enerji keçidinə hər hansı töhfə verməsinə skeptik yanaşmasıdır.
Yenixeber.org: Maraqlı məqam isə budur ki, həmin qüvvələr özləri neft-qaz istehsalında liderliyini saxlayan və bu fəaliyyəti getdikcə inkişaf etdirən ölkələrdir. Həmin ölkələrin qlobal yaşıl gündəliyi reallaşdıra bilməsi və alternativ enerji mənbələrinə yönəlməsi üçün yetərli maliyyə və resurs bazasına sahib olmasına baxmayaraq COP28 Konfransında üzərinə götürdükləri öhdəliklərindən boyun qaçırdıqları da sirr deyil.
Məsələn, 20 aprel 2010-cu ildə ABŞ-nin Meksika körfəzi sahillərində "Deepwater Horizon" neft sızması sənaye fəlakəti hesab olunur. Qəza nəticəsində minlərlə canlı tələf oldu (quş, məməli, dəniz tısbağası), ətraf mühitə dağılmış neft okeana, o cümlədən bitki örtüyünə böyük zərər verdi. Hadisədən sonra Cənubi Afrikada keçirilmiş COP17 konfransı zamanı neft-qaz hasilatında ətraf mühitə, okeana, o cümlədən bitki və heyvan aləminə dəymiş ziyanla bağlı da müzakirələr aparılıb. Digər ölkələrin bundan nə dərəcədə nümunə götürüb həll üçün çıxış yolu düşündüyünü aşağıdakı cədvəldən görə bilərik:
Dünyanın ən varlı, iqtisadi cəhətdən yaxşı mövqelərində olan ölkələri Paris İqlim razılaşmalarına əsasən, qalıq yanacaqlardan daha təmiz enerji mənbələrinə keçidi təmin etməlidilər. Lakin bu tip ölkələrin qalıq yanacaqlardan iqtisadi asılılığının az, habelə yaşıl keçidi reallaşdırmaq üçün hər tərəfli imkanlara (maliyyə, ixtisaslı insan resursu və texnologiya) sahib olmasına baxmayaraq, hazırda dünya üzrə aparılan qazma proseslərinə liderlik edirlər. Diaqramda da göründüyü kimi bu qrupa aid olan ölkələr tərəfindən 2023-cü ildə qazma prosesləri üçün 825 yeni lisenziya verilib ki, bu da olduqca böyük rəqəmdir.
Belə ki, inkişaf etmiş zəngin ölkələr qrupuna aid olan ABŞ, Birləşmiş Krallıq, Kanada, Norveç və Avstraliyanın iqlim dəyişikliyi üzrə lider dövlətlər statusuna malik olaraq üzərinə götürdüyü beynəlxalq öhdəliklərə rəğmən qalıq yanacağa doğru meyillənməsi davamlı hal alıb. Yeni neft-qaz yataqlarında kəşfiyyat fəaliyyətinə lisenziya verilməsinin COP28 sazişindən sonra nəinki davam etməsi, əksinə artması dərindən narahatlıq doğurur.
"Rystad Energy" və "International Institute for Sustainable Development" təşkilatlarının araşdırmalarına əsasən, son on ildə ABŞ, Birləşmiş Krallıq, Kanada, Norveç və Avstraliya da daxil olmaqla inkişaf etmiş və qalıq yanacaqdan az asılı olan ölkələr tərəfindən ətraf mühitə buraxılan istixana qaz emissiyalarının (greenhouse gas emissions) həcmi analoji dövr ərzində (2014-2023-cü illərdə) digər neft-qaz istehsalçısı ölkələrin toplam həcmindən beş dəfə çoxdur.
Hazırda Avropa ölkələrini qalıq yanacaqla təmin edən əsas ölkə olan Norveçdə də vəziyyət fərqli deyil. Bu ölkə son illərdə Avropaya həm boru kəmərləri həm də mayeləşdirilmiş təbii qaz (LNG) formasında enerji ixracını kəskin artıraraq bir nömrəli təminatçıya çevrilib. Almaniyanın təbii qaza olan tələbatının 40%-dən çoxu hazırda üç sualtı boru kəməri vasitəsilə Norveç tərəfindən təmin edilir. Norveç Paris İqlim Sazişini imzalayıb və 2030-cu ilə qədər istixana qazı emissiyalarını 40% azaltmağı öhdəsinə götürsə də, qaz ixracını getdikcə artırır. “Enerji keçidi”ni elan edən dövlətlər ciddi maliyyə dəstəyinə ehtiyac duyduğu halda Norveç qaz monopoliyasını inkişaf etdirir. Qeyd edək ki, 2023-сü ildə Almaniyanın dövlət enerji şirkəti “Sefe” ilə Norveçin “Equinor” şirkəti qaz təchizatı üçün uzunmüddətli müqavilə imzalayıb. Bu, "Equinor"un indiyə qədər bağladığı ən böyük qaz müqavilələrindən biridir.
Norveçin Avropaya ünvanlanan təbii qaz boru kəmərləri
Nəticədə ənənəvi enerjidən asılılığı az olan və yaşıl keçid üçün maliyyə, ixtisaslı insan resursu və texnologiyaya sahib zəngin qərb ölkələri qalıq yanacaqdan asılı halda olan orta və aşağı iqtisadi səviyyəyə malik ölkələrə nisbətdə daha çox neft və qaz sektorunda fəallıq nümayiş etdirirlər.
Keçmiş ABŞ prezidenti Donald Trampdan fərqli olaraq yaşıl gündəliyə və iqlim dəyişikliyi məsələlərinə diqqətlə yanaşacağını əvvəldən bəyan etmiş Bayden administrasiyası hazırda “yeni rekorda” imza atıb. Belə ki, ABŞ hazırda dünyanın ən böyük neft və qaz istehsalçısı kimi mövqeyini möhkəmləndirib. ABŞ prezidenti Jo Baydenin iqlim məsələləri üzrə baş müşaviri Con Podesta bir müddət əvvəl məsələ ilə bağlı açıqlama verərkən ABŞ-dəki vəziyyəti Ukraynada davam edən müharibə ilə əlaqələndirib. O, bildirib ki, ABŞ-ın ənənəvi enerji sahəsində dayanmadan artan istehsalı yaxşı bir nəticədir, çünki Ukraynanın işğalından sonra Avropanın Rusiya enerji məhsullarından fərqli mənbələrə etibar etməsi zərurətindən sonra ABŞ bu addımı atıb.
Bayden administrasiyası dövründə ABŞ hökuməti tərəfindən neft və qaz sahələrində əməliyyat və kəşfiyyat məqsədli 1 453 yeni neft və qaz lisenziyası verilib ki, bu da qlobal miqyasda verilən ümumi lisenziyanın yarısını, həmçinin sözügedən varlı dövlətlərin verdiyi bütün lisenziyaların isə 83%-ni təşkil edir. Bu nəticə Ağ Evə dönəcəyi təqdirdə qalıq yanacaqla bağlı layihələrə dəstək verəcəyini açıq şəkildə bildirən Donald Trampın dövründəki göstəricidən 20% çoxdur.
Statistik nəticələr ABŞ tərəfindən Rusiya-Ukrayna müharibəsinin bəhanə olaraq istifadə edildiyini göstərir.
Beləliklə, inkişaf etmiş zəngin ölkələr qrupuna aid olan ABŞ, Birləşmiş Krallıq, Kanada, Norveç və Avstraliyanın iqlim dəyişikliyi üzrə lider dövlətlər statusuna malik olaraq üzərinə götürdüyü beynəlxalq öhdəliklərə rəğmən qalıq yanacağa doğru meyllənməsi davam edir.
Bu ölkələr ilk olaraq riyakarlıqlarına son qoymalı eləcə də mədən yanacağına sərmaye qoyulmasını və lisenziyaların verilməsini təcili dayandırmalıdırlar. Daha sonra Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq iqlim dəyişikliyinə nə dərəcədə töhfə verəcəyini müzakirə obyekti edə bilərlər. Əks halda informasiya məkanında COP29-la əlaqəli yayılan neqativ dalğalar, konfrans çərçivəsində Azərbaycanın öz öhdəliklərini yerinə yetirib, iqlim sazişinə sadiq qalmayan digər ölkələrə nümunə olana qədər hökm sürəcək.(Report)