AZ

BMT-nin Cenevrə ofisində mina problemi bağlı yan tədbir keçirilib

31 Oktyabr 2024-cü il Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsinin (OHCHR) 2024-cü il Sosial Forumu çərçivəsində "İnkişaf naminə minalardan təmizləmə” adlı yan tədbir keçirilib. 

40-dan çox beynəlxalq təşkilat və hökumət nümayəndəsinin qatıldığı tədbirdə minaların və Müharibənin Partlamamış Qalıqlarının (MPQ) səbəb olduğu qlobal böhranın həlli üzrə məsələlər, mina probleminin 18-ci DİM kimi qəbul edilməsi təşəbbüsü və minaların insan hüquqlarına və insanların sosial-iqtisadi həyatına təsiri kimi məsələlər müzakirə olunub. 

Açılış nitqi ilə çıxış edən BAMF Prezidenti Umud Mirzəyev əvvəlcə tədbir iştirakçılarını salamlayıb, daha sonra isə BAMF-ın fəaliyyəti və Azərbaycanın mina probleminin ciddiliyi haqqında danışıb. 

O, dövlət rəhbərlərini, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qurumlarını mina probleminin həllini davamlı inkişaf kontekstində prioritet kimi qəbul etməyə, bu istiqamətdə "18-ci DİM” təşəbbüsünü dəstəkləməyə və birlikdə minalara "yox” deməyə çağırıb.

Çıxışdan sonra tədbir iştirakçılarına "DİM 18 niyə vacibdir?” adlı video-təqdimatı nümayiş etdirilib. 

Mina kampaniyasına dəstək xarakterli müxtəlif çağırışların yer aldığı videoda mina probleminin statistik aktuallığı da öz əksini tapıb.

 Daha sonra tədbirin moderatoru Cenevrə Geostrateji Araşdırmalar Mərkəzinin Baş Katib müavini Ventzlav Sabev mina aksiyası proqramında çalışan panelistləri təqdim edərək və panel müzakirələri açıq elan edib.

İlk olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq Əlaqələr şöbəsinin direktor müavini Nəriman Qasımov ANAMA-nın gücləndirilmiş fəaliyyəti ilə bağlı əsas qeydləri və Azərbaycanın minatəmizləmə statistikasını diqqətə çatdırıb. 

O, xüsusilə, 2020-ci ilin noyabr ayından indiyədək baş verən mina insidentlərinə və mina qurbanlarının sayının çoxluğuna vurğu edib. 

Agentliyin nümayəndəsinin çıxışından sonra ardıcıl olaraq Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) idarə heyəti üzvü Nidal Səlim, Piyada əleyhinə Mina Qadağası Konvensiyasının İcra Dəstəyi Bölməsinin direktoru Xuan Karlos Ruan, Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası (ICBL) nümayəndəsi Kasia Derlicka, kampaniyanın Azərbaycan üzrə rəhbəri Hafiz Səfixanov, Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzinin (GICHD) Proqram Əməkdaşı Beatris Presutti və Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) Tərəfdaşlıq üzrə mütəxəssisi Floryan Eblenkamp çıxış ediblər. Tədbirdə  BMT Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi, tanınmış ictimai xadim Şafak Pavey də iştirak edib.

Tədbirin gedişatında Ermənistanın Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birinci katibi Hambardzum Minasyan söz alaraq tədbirin çıxışçılarını yalan məlumatları paylaşmaqda və propoqanda etməkdə ittiham edib. 

O, Ermənistanın mina məsələsində günahsız olduğunu və Azərbaycana 2021-ci ildə mina xəritələrinin təqdim olunduğunu bildirib. 

BAMF prezidenti Umud Mirzəyev müzakirələr zamanı səsləndirilən fikirlərin faktlara əsaslandığını və reallıqları əks etdirdiyini əyani sübutla nümayiş etdirərək erməni diplomatın layiqli cavabını verib. Umud Mirzəyev minadan zərərçəkən şəxslərin fotoları olan portretləri göstərərək onların Ermənistanın basdırdığı minaların qurbanı olduğunu və öz yaşadığı evin də Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdıldığını, xüsusilə, qeyd edib. 

Bu yan tədbir BAMF-ın Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı layihə çərçivəsində baş tutub.


Seçilən
12
18
arqument.az

10Mənbələr