AZ

Ölkədə 5000 QHT var, cəmi 105-i rayonlarda işləyir- bu disbalansı kim yaradıb?

Image

Ilqar Hüseynli: “Bölgədə QHT fəaliyyətinin stimullaşması üçün onun maliyyə dayanıqlığı təmin olunmalıdır”

Milli Məclisin ötən iclasında ölkədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarından danışılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxışı zamanı deyib ki, 5000 qeyri-hökumət təşkilatından 105-nin regionlarda fəaliyyət göstərməsi çox azdır: “Hesab edirik ki, bölgələrdə qeyri-hökumət təşkilatlarının sayı artmalıdır, orada ictimai siyasi aktivlik yaradılmalıdır”. 

Maraqlıdır, bölgələrdə fəaliyyət göstərən QHT-lərin sayı niyə azdır? 

“Regionlarda yaşayan vətəndaşlar QHT yaratmaqda maraqlı olmalıdır, onları stumullaşdırmaq lazımdır”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a şərhində bildirdi ki, QHT-lərin inkişaf prosesi daha çox paytaxt Bakının hesabına olur. Ümumiyyətlə, əvvəllər  regionlarda QHT-lərlə bağlı  dolğun fikir formalaşmamışdı: “Eyni zamanda, qeyri hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı çox ciddi problem yaşanır. Onu da deyim ki, QHT-lərin qeydiyyatında dayanıqlılıq yoxdur, durğunluq var. Qeyri Hökumət Təşkilatlarının regionlarda fəaliyyəti üçün çox geniş imkanlar yaradılmayıb. Həmçinin, qrand müsabiqələrinin sayı çox deyil ki, regionlarda fəaliyyət göstərən QHT-lərin inkişafına stimul verilsin. Ümumiyyətlə, dövlət büdcəsindən QHT-lərə ayrılan vəsaitin həcmi yetərli səviyyədə də deyil. Həmin vəsait ancaq təkmilləşmiş, layihə icra edə bilən, təcrübəsi olan QHT-lərə ayrılır. Onu da deyim ki, belə təşkilatların da əksəriyyəti Bakı şəhərində yerləşir. Bölgələrdə QHT-lərin sayının az olması qeyd etdiyim səbəblərlə bağlıdır. Bölgədə QHT fəaliyyətinin stimullaşması üçün onun maliyyə dayanıqlığı təmin olunmalıdır. Maliyyə dayanıqlığı lazımi səviyyədə deyilsə, QHT arzuolunan şəkildə fəaliyyət göstərə bilməyəcək. Regionlarda yaşayan vətəndaşlar QHT yaratmaqda maraqlı olmalıdır, onları stumullaşdırmaq lazımdır”.

Günel CƏLİLOVA    






Seçilən
61
baki-xeber.com

1Mənbələr