BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası çərçivəsində 57 avtobus marşrutunun hərəkət sxemində dəyişikliklər ediləcək.
Bunu Azərbaycan Quru Nəqliyyatı Agentliyinin (AYNA) sədri Anar Rzayev COP29 konfransı çərçivəsində həyata keçiriləcək daşıma planının təqdimatı ilə bağlı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda metronun “Koroğlu” stansiyasına daxil olan 30 avtobus olsa da, COP29-da onlardan yalnız 3-ü Pramida adlanan meydandan fəaliyyət göstərəcək. Bu üç avtobus Ramana, Zabrat, Suraxanı istiqamətlərinə gedəcək. Bunlar 214, 163 və 184 nömrəli avtobuslardır.
12 marşrut avtobusu “Ulduz” metrosuna qədər gedəcək. Qalanı isə “Qara Qarayev” metrosu və digər stansiyalara yönəldiləcək.
A.Rzayev qeyd edib ki, ölkənin şimal istiqamətindən şəhərə daxil olmaq istəyən vətəndaşlara “Avtovokzal” metrostansiyasından istifadə etmələri tövsiyə olunur: “Onlar Nəqliyyat Mübadilə Mərkəzindən şəhərin müxtəlif yerlərinə metro və ya bu stansiyanın qarşısından 27 marşrut xətti vasitəsilə gedə biləcəklər.”