AZ

Hər kəsi ŞOK edən gedişat - Əcnəbi mütəxəssis istefa verəcək?

Tarixində ilk dəfə ötən mövsüm Premyer Liqanı tərk edən "Qəbələ"nin bu mövsüm də işləri yaxşı getmir.

Bu gün aşağı liqanın ən imkanlı klubu "Qəbələ"di.

İnfrastrukturu göz oxşayır. Heyətində Asif Məmmədov, Elvin Yunuszadə, Səlahət Ağayev kimi zəngin Premyer Liqa təcrübəsi olan adlar var.

Bunlardan başqa, Premyer Liqanın havasını udmuş Abdullah Şuaybu kimi legioner, Nicat Əliyev, Şahin Şahniyarov, Eşqin Əhmədov kimi gənclər də Kaxaber Tsxadadzenin sərəncamındandır.

Yeni mövsüm öncəsi yaxşı təlim-məşq toplanışı keçmək üçün də yetəri qədər zaman olmuşdu.

Qidalanma, məskunlaşma, tibbi xidmət və bütün digər sahələrdəki peşəkarlıq üst səviyyədədir.

Qalırdı bircə oynamaq.

Hər kəs ümid edirdi ki, belə şərtlər altında "Qəbələ" aşağı liqanı birnəfəsə arxada qoyacaq.

Amma bölgə klubu Birinci Liqada ona bəslənən ümidləri doğrultmur.

Arxada qalan 6 tur belə düşünməyə əsas verir.

Komanda birinci dövrə başa çatmamış artıq ikinci dəfə büdrədi.

Açılış oyununda "Zaqatala"nın müqavimətini qıra bilməyən "qırmızı qaralar" bu dəfə "İmişli" qarşısında dişsiz göründü.

Heç qələbələrin sıralandığı digər 4 görüşdə də Kaxaber Tsxadadzenin kollektivi ürəkaçan futbolla yadda qalmayıb.

Yalnız "Qaradağ Lökbatan"la səfər görüşü xaric.

Komanda birinci dövrənin son turunda Yevlaxa səfər edəcək.

Rəqib mövsümə fırtına kimi başlayan, 6 turu xal itkisiz arxada qoyan "Karvan"dı.

Yəqin ki, həmin matçın nəticəsi gürcüstanlı mütəxəssisin taleyinə təsirsiz ötüşməyəcək.

Onunla yayda 3 illik yeni anlaşma imzalanması gələcəyə hesablanmış addım idi. Birinci Liqada üz ağarda bilməyən, sabah Premyer Liqada nə edəcək? O da vəsiqə qazana bilsə...

Bu gün "Qəbələ"də yaşananlar ötən sezon Şamaxı"da başverənləri xatırladır. "Şirlər" heyət, büdcə, infrastruktur baxımından bütün rəqiblərini qabaqlayırdı. Gözləntilər yüksək olsa da, Vüqar Əsgərlinin rəhbərliyi altında komanda birinci dövrəni biabırçı nəticələrlə başa vurmuşdu - 9 oyunda cəmi 15 xal.

Qaranlıq gələcəkdən erkən duyuq düşən rəhbərlik Əsgərini istefaya göndərib baş məşqçi postuna Ramiz Məmmədovu gətirmişdi. Yalnız təcrübəli mütəxəssisin gəlişindən sonra toparlanan kollektiv yekunda çempion olaraq Premyer Liqaya vəsiqə qazana bildi.

"Şamaxı"nın yaşadıqları "Qəbələ" üçün yaxşı təcrübə sayıla bilər.

Xoş olmayan gedişat erkən yoluna düşməsə, Tsxadadzenin adına, təcrübəsinə aldanıb ona uzun zaman tanımaq mənasızdır.

Son iki mövsüm əyani göstərir ki, Birinci Liqa deyib keçmək olmaz.

Bu, sonda ağır nəticələrə yol aça bilər.

XANOĞLAN İMANOV

Seçilən
25
sportinfo.az

1Mənbələr