AZ

LAVROVSAYAĞI “QIRMIZILIQ” – Bu başabəla diplomat hansı haqla Türkiyəyə dil uzadır?

“Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərini və mülki şəxslərini öldürmək üçün istifadə olunur. Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması ilə bağlı bəyanatlarını nəzərə alsaq, bu, çaşqınlıq yaratmaya bilməz”.

Bunu Rusiya XİN-in başçısı, müasir dünya diplomatiyasının “üz qarası” Sergey Lavrov Türkiyə mətbuatına müsahibəsində deyib...

Özündən kiçik və zəif ölkəyə qarşı açıq işğalçılıq müharibəsi aparan, imperiyaçılıq, şovinizm bəlasına düçar olan bir ölkənin baş diplomatının bu cür “qırmızı”, abırsız, prinsipsiz birisi olmasında qeyri-adi heç nə yoxdur. Lakin bu başabəla diplomatın Kremlin hər imkanda ətəyinə düşdüyü, hətta yaltaqlandığı Türkiyəyə dil uzatması onun və ona tapşırıq verənlərin nankorluğunun, simasızlığının həddi-hüdudunun olmamasından xəbər verir.

Özü dünyanın demək olar bütün qaynar nöqtələrinə silah satan, proksi qüvvələr göndərən, bütün münaqişələrdə haqsız tərəfin yanında duran Rusiyanın XİN başçısının Türkiyəni Ukraynaya silah verməkdə günahlandırması absurdluğu ilə yanaşı beynəlxalq hüquq və prinsiplərə növbəti hörmətsilzik, saymazlıqdır. Təcavüzə məruz qalan və Türkiyə də daxil olmaqla bütün dünya birliyinin ərazi bütövlüyünü tanıdığı Ukraynaya silah verməkdə qanunsuz heç nə yoxdur. Ukrayna işğala məruz qalan suveren ölkədir, həm də Türkiyənin yaxın qonşusudur. Türkiyə isə NATO ölkəsidir. Müstəqil xarici siyasəti və nəinki regionda, bütün dünyada özünəməxsus yeri və çəkisi olan Türkiyəyə hansı ölkə ilə hərbi əməkdaşlıq qurmağı diqtə etmək nə Lavrovun, nə də onun sahibinin başı üçün olan məsələ deyil...

Onu da Lavrovun yadına salan lazımdır ki, Türkiyənin strateji tərəfdaşı və qardaş dövləti olan Azərbaycanın əraziləri Ermənistana verilən rus silahları, rus zabitlərinin təlimatları, hətta birbaşa iştirakı ilə işğal olunmuşdu. 44 günlük müharibə günlərində təyyarələrlə İrəvana daşınan da rus silahları idi, Gəncədə, Bərdədə dinc əhalini bombalayan da rus raketləri idi, Xocalıda azərbaycanlıları qətlə yetirən də rus texnikası, rus avtomatları və rusların idarə etdiyi erməni separatçıları, quldurları idi. Ümumiyyətlə, Azərbaycana tarixən ermənilərin əli ilə gətirilən bəlaların əksəriyyəti rus əli və rus silahı ilə olub. Hələ 20 yanvarı, ondan əvvəlki tarixi faciələri, işğalları və s. demirik...

Rusiya silahı təkcə ermənilərin əli ilə yox, terrorçu PKK-nın da əlilə türklərə qarşı döyüşüb və döyüşməkdədir. PKK-nı yaradan və silahlandıran, həmçinin bu gün də himayə edənlərdən biri Rusiya deyilmi? Suriyada, İraqda, Liviyada da Türkiyənin maraqlarına, hərbçisinə, əsgərinə rus silahı ilə atəş açılır. Bütün bunlardan sonra Rusiyanın Türkiyəni Ukraynaya silah verdiyi üçün günahlandırması nə dərəcədə məntiqə və normal ağıla uyğundur?

Hələ 2019-cu ildə də Lavrov Türkiyəyə dil uzatmışdı və PKK-çıları terrorçu hesab etmədiklərinə eyham vurmuşdu. O demişdi ki, Moskva ilə Ankaranın Suriyadakı kürd birləşmələrindən hansının terrorçu sayılması ilə bağlı anlayış fərqi var. O vaxt Ərdoğan Lavrovun cavabını vermişdi: “PKK ilə əlaqəli bütün qruplar terrorçudur. Lavrovun bəyanatı yanlışdır. Türkiyəni kürd xalqının düşməni kimi təqdim etməyə çalışmaq düzgün deyil, çünki PKK kürd xalqı deyil”.

Türkiyə rəhbərliyi Lavrovun son açıqlamasına da biganə qalmayıb. Ərdoğanın Rusiya XİN başçısının bu bəyanatını hiddətlə qarşıladığı qeyd edilir. Belə ki, Kremlə yaxın “Kremlyovskaya tabakerka” “teleqram” kanalı yazıb ki, Türkiyə Lavrovun sözlərilə bağlı diplomatik kanallarla Moskvaya öz narazılığını çatdırıb. Bu barədə kanala Rusiyanın Türkiyədəki səfirliyindən bildiriblər. Türkiyə xəbərdar edib ki, NATO ölkəsi olaraq Ukraynaya daha böyük hərbi dəsətək göstərə bilər, lakin bir sıra səbəblərdən bunu etmir. Məlumatda deyilir ki, Türkiyə tərəfi Lavrovun açıqlamasını təxribat adlandırıb və bu cür açıqlamaların Türkiyəni Ukrayna ilə hərbi əməkdaşlığın genişləndirilməsi mövzusuna yenidən baxmağa vadar edə bilər. Bu o deməkdir ki, Türkiyə haqlı olaraq Lavrovun və onun sahibinin “qulağını burmaq” səlahiyyətini özündə saxlayır. Bu, həm də o deməkdir ki, “İtlə dostluq et, amma çomağı əldən yerə qoyma” atalar sözü hələ də öz aktuallığını qoruyub saxlayır...

C.Məmmədov

“AzPolitika.info”

Seçilən
19
azpolitika.info

1Mənbələr