“Bayern”in baş məşqçisi Vensan Kompani münhenlilərin kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvis haqda söhbət açıb.
Arena.az xatırladır ki, Münhen klubu ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq Deyvis, “Real”ın ciddi maraq dairəsindədir:
“O, mütləq surətdə yüksək səviyyəli oyunçudur. Deyvis daha bir pillə yüksələ bilər. Hazırda o, həm də sabit səviyyə nümayiş etdirir”, – deyə Vensan Kompani müdafiəçisini tərifləyib.
Alfonso Deyvis futbola “Edmonton İnterneyşenls” klubunda qədəm qoyub, buradan “Edmonton Straykers”ə və ardınca isə “Vankuver Uaytkeyps”ə keçərək, böyük futbolda debüt edib. 2019-cu ilin yanvarında “Bayern” 14 milyon avro məbləğində xərc çəkərək, kanadalı futbolçunu “Vankuver Uaytkeyps”dən öz düşərgəsinə qatıb. Deyvisin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Deyvis “Bayern”in heyətində 12 oyuna 3 məhsuldar ötürmə ilə fərqlənib.
Kanadalı futbolçunun Almaniya nəhənginin düşərgəsində çıxışının ümumi mənzərəsi isə 207 oyun, 11 qol və 34 məhsuldar ötürmədən ibarətdir.
Alfonso Deyvis hazırda kapitanı olduğu və 2017-ci ilin iyun ayında debüt etdiyi Kanada yığmasının heyətində 56 oyun keçirib, 15 qol vurub, 18 məhsuldar ötürmə verib.
alfonso Deyvisin qənimətlər muzeyində “Bayern”lə qazandığı Almaniya Bundesliqası çempionluğu (5 dəfə), Almaniya Kuboku (2 dəfə), Almaniya Super Kuboku (3 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku var.
Fərdi qənimətlərə gəlincə, Deyvis Kanadada 4 dəfə (2018, 2020, 2021, 2022) “İlin futbolçusu” seçilib. Həmçinin Deyvis 3 qolla 2017-ci il CONCACAF Qızıl Kubokunun ən sərrast qolçusu olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı kanadalı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.