Çox yəqin, ömrün 70 çağında hər şey başqa olur. Təbiət etibarı ilə götürsək, bu yaş ağsaqqallıq, ahıllıq yaşıdır. Həyatda ağsaqqal, evdə ağsaqqal, cəmiyyətdə ağsaqqal, bir də bunlarla yanaşı jurnalistikada ağsaqqal olmaq var.
Əslində, ən çətini də məhz budur. Məsələn, qatlayın bir əlinizin barmaqlarını və sayın.
Görün, cəmi bir əlin barmağını keçirmi?
Söhbət, əlbəttə, yaşın rəqəmlərinin çoxluğundan getmir.
Söhbət mahiyyət olaraq ağsaqqal olmaqdan gedir.
Bəli, o ağsaqqal, o qocaman jurnalist Qulu Məhərrəmlidir.
Bu gün görəsən, Qulu Məhərrəmli geriyə baxanda nə görür?
Fikrimcə, əgər geriyə baxanda qət etdiyin yol gözünə durursa, demək, heç yaşamamısan da.
Əlbəttə, Qulu Məhərrəmli ömründən geriyə baxılsa, uzun bir yol görünür. Elə “orada bir yol var uzaqda, o yol bizim yolumuzdur” misalı.
Amma Qulu Məhərrəmli o yolu gedib, o yola varıb, o yolu davam da etdirir.
Onun çəkdiyi yol bu gün “əsas magistral” yoldur, işıqdır, tutunacaqdır.
Gözünü və sözünü jurnalistikaya açan Qulu Məhərrəmli özünü də, ürəyini də həmişə burda gördü, görür və görəcək.
Üstəlik, bütün bu ömür, fəaliyyət də öz nəticəsini göstəribsə, demək, dərindən nəfəs almaq olar.
Bu gün Qulu Məhərrəmli ömrü özünü bir çox formalarda göstərir. Heç nə yox, təkcə yetişdirdiyi tələbələrin kimliyinə, işinə baxılsa, bu qocaman ustadın hər şeyi bəlli olur.
Özü də, bütün bunların fonunda xarakter nümayiş etdirmək. Bax bu, heç də asan iş deyil. Dərindən götürsək, indiki an və şərtlər üçün bir qədər də müşküldür. Qulu Məhərrəmli isə bu müşkülün düyünlərini açıb.
70 yaşlı qocaman jurnalistin ömür yolu həm məşəqqətlidir, həm də ləzzətli. Bu ləzzəti də o məşəqqətlər çəkmiş jurnalistin özü bilər, əməlləri də göstərir.
Jurnalistikaya, televiziyaya yeni baxış, yeni nəfəs gətirmək, bu yaşa qədər bu ağır şərtlər altında gəlib çatmaq, hələ bir üstünə çox sevilmək də, nə bilim…
Əlbəttə, məsələn, burada Qulu Məhərrəmlinin bioqrafiyasını, standart cümlələrlə həyatını da yazmaq olar. O, harada doğulub, necə, nə cür təhsil alıb, hansı işləri görüb, nə kimi faydaları olub.
Fəqət bunlar xüsusi ilə bu gün hər kəs tərəfindən bir daha bilinir, yazılır, deyilir.
Bəs bu yazı nədir?
Bu yazı ağsaqqal jurnalistə daha uzun, daha sağlam, daha da faydalı ömür arzu etməkdir. Onun timsalında jurnalistikanın bir az da çox sevilməsini istəməkdir.
Onun timsalında çətin yollarda çətinliklərə sinə gəlməyin nə olduğunu bilməkdir.
Gununsesi.info kollektivinin dostu olan dəyərli Qulu müəllimə təbrik əvəzi.