AZ

Şimali Kipr Türk Cümhuriyyəti TDT ölkələri ilə sosial müdafiə sahəsində sazişlərin tezliklə imzalanacağına ümid edir

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hakimiyyət orqanları yaxın vaxtlarda Azərbaycan da daxil olmaqla Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə sosial müdafiə sahəsində sazişlər imzalamağa ümid edir.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə ŞKTC-nin əmək və sosial müdafiə naziri Sadık Qardiyanoğlu məlumat verib.

Onun sözlərinə görə, bu gün Kiprin şimalında Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistanın 10 mindən çox vətəndaşı çalışır.

“ŞKTC-də bilavasitə Azərbaycandan gələn 300-ə yaxın insan işlə təmin olunub. Lakin dövlətlərarası sazişin olmaması səbəbindən onların əmək bazarında hüquqları məhduddur. İki ölkənin nümayəndələri bu məsələni müzakirə etməyi planlaşdırırlar. Bu məsələdə prinsipial razılıq əldə olunub”, -deyə o bildirib.

ŞKTC Nazirlər Kabinetinin üzvü Ankarada Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşmək imkanına görə Türkiyənin hakimiyyət orqanlarına təşəkkür edib. “Azərbaycanlı həmkarımla ölkələrimizin sosial xidmət sisteminin vəziyyətini müzakirə etmək imkanım oldu”, - deyə nazir bildirib.

Qardiyanoğlu ilk fürsətdə Bakıya səfər etməyə hazır olduğunu deyib, həmçinin Azərbaycan nümayəndələrinin Lefkoşaya səfər edəcəyinə ümid etdiyini söyləyib.

ŞKTC-nin əmək və sosial müdafiə naziri türkiyəli həmkarı Vedat Işıkhanın dəvəti ilə Ankarada olub və səfər proqramı çərçivəsində türk dövlətlərinin əmək fəaliyyəti və sosial müdafiəsi mövzusunda keçirilən ikigünlük beynəlxalq konfransda iştirak edib.

Seçilən
24
ikisahil.az

1Mənbələr