İngiltərə yığmasının və “Bayern”in mərkəz hücumçusu Harri Keyn sürətli sorğuda iştirak edib və verdiyi cavablarla diqqət çəkib.
Arena.az məlumat verir ki, “Goal” dərgisinin təşkil etdiyi sürətli sorğuda ingilis futbolçu üç sualı cavablayıb.
Keynə ən yaşı gənc futbolçunun, yaşı 30-dan yuxarı ən yaxşı futbolçunun və karyerasına xitam vermiş ən yaxşı oyunçunun kimliyi ilə bağlı üç sual ünvanlanıb.
Ən yaxşı gənc oyunçunun kimliyi ilə bağlı Keyn seçimini “Barselona”nın və İspaniya yığmasının 17 yaşlı yeniyetmə sağ cinah hücumçusu Lamin Yamalın üzərində saxlayıb.
Yaşı 30-dan yuxarı ən yaxşı futbolçu ilə bağlı Keyn üç seçim müəyyənləşdirib. İngilis hücumçu Portuqaliya yığmasının və “Əl-Nəsr”in 39 yaşlı veteran ulduz hücumçusu və kapitanı Kristiano Ronaldonu yaşı 30-dan yuxarı futbolçular arasında ən yaxşı adlandırıb. Həmçinin Keyn bu qəbildən, Belçika yığmasının və “Mançester Siti”nin hücumameylli yarımmüdafiəçisi Kevin De Bröyneni ən yaxşı məhsuldar ötürmələr ustası olaraq müəyyənləşdirib. Yaşı 30-dan artıq futbolçular arasında hücumları tamamlamaq üzrə usta mövqeyində isə Keyn özünü misal çəkib.
Keyn futbolçu karyerasını bitirmiş futbolçular arasında ən yaxşı adına isə Fransa yığmasının yarımmüdafiəçisi Zinəddin Zidanı layiq görüb. O, mümkün olsaydı, fransalı ulduzu yenidən futbol meydanlarına qaytarmaq arzusunda olduğunu da bildirib.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 14 oyuna çıxıb. O, bu oyunlarda 17 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 59 oyun, 61 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 101 oyuna 68 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.