AZ

Döyüşlərdə düşmənin kabusuna çevrilən qəhrəman (Məmmədov Tural Gülməmməd oğlu)

Vətənpərvərliyin dərin və tarixi kökləri var. Bu hisslər insana onun genləri vasitəsi ilə ötürülür. Bunlar ən ülvi hisslər və duyğulardır. Bu gərək insanın ruhunda olsun. İnsanın qiyməti onun vətənə, millətə olan vətənpərvərlik duyğuları ilə ölçülür.

  Elə bu hiss və duyğularla yetişən gəncliyimiz  son 200 illik Azərbaycan tarixində görünməyən bir qələbə qazandı. Ordu, xalq və Ali Baş Komandan birliyi xalqımıza böyük qələbə bəxş etdi. Böyük sərkərdələr yetişdirən Azərbaycan tarixi qələbəsini qazandı. Torpaqlarımız işğaldan azad oldu. Azərbaycann konstitusion hüququ, ərazi bütövlüyü tam bərpa olundu. Bununla da Azərbaycan əsgərinin gücü və əzmi bəşəriyyət tarixində böyük iz qoydu. Xalqımız ordusunun və Ali Baş Komandanın yanında olmaqla dəmir yumruğa çevrildi. Bu o yumruqdur ki, ermənilərin başını cəmi 44 gündə əzdi. 23 saat davam edən antiterror əməliyyatı isə erməni daşnaklarının belini sındırdı və Azərbaycanın ərazi bütövlüyü bərqərar oldu. Torpağı öz qanları ilə vətən edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz və bu gün səngərdə əlləri tətikdə dayanan əsgərlərimiz bizlərin qürur ünvanımızdr. Elə bu qürur duyduğumuz qazilərimizdən biri də MƏMMƏDOV TURAL GÜLMƏMMƏD oğlunun ünvanıdır. Onu yaxından tanıyaq:

Məmmədov Tural Gülməmməd oğlu 1987-ci ildə Xəzər rayonunun Binə qəsəbəsində anadan olmuşdur. 1994-cü ildə Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbin birinci sinfinə daxil olur. Təhsilini 136 saylı məktəbdə davam etdirən Tural Məmmədov 2005-ci ildə tam orta məktəbi bitirir. 

2006-cı ildə həqiqi hərbi xidmətə göndərilir. Topçu batareyasında xidmətə başlayır. Topun dərin sirlərinə yiyələnir. Bu silahın istifadə və dəqiq hədəflərin vurulma mexanizmini ətraflı öyrənir. Ağstafada yerləşən N saylı hərbi hissədə topçu kimi xidmətini başa vurub, evə qayıtdıqdan sonra fəhlə kimi bir çox işlərdə özünü sınayır. Amma bir yerdə qərar tuta bilmir. O, yenilik axtarışında idi. İş quraraq, onu daha da genişləndirib insanlara xidmət etmək kimi böyük arzularla axtarışında idi. Nəhayət, günlərin bir günü kiçik biznes fəaliyyətinə başlayır və getdikcə biznesi böyüdür. O, haqsızlığa heç vaxt dözə bilmir. Ən xırda, kiçik mübahisələrdə belə həmişə haqqın və ədalətin yanında yer alırdı. Onunla söhbət daha maraqlı olur: 

“Bir sözü tez-tez təkrarlayanda, qiymətdən düşür,   mən belə şeyləri sevmirəm, çalışırım ki, maksimum dərəcədə düz olam. Əlbəttə ki, indiki cəmiyyətdə bu çox çətindir. Amma çətin də olsa, bunu edirəm”.

2020-ci il sentyabrın 27-də erməni təxribatının qarşısını almaq üçün Ali Baş Komandanın əmri ilə işğalçılara qarşı genişmiqyaslı hücum başladı. Ürəyi vətən eşqi ilə döyünən hər kəs komissralıqlara üz tuturdu. Tural bu barədə belə danışır:

“Məndə bir xasiyyət var. Kim nəyi edirsə, mən onu təkrarlamaq  istəmirəm. Gördüm ki, hamı könüllü olaraq komissarlığa üz tutur. Bəziləri isə qorxu içində idi. Ona görə qorxurdu ki, birdən onu döyüşə apararlar. Mən isə düz 11 dəfə komissarlığa getdim. Hər dəfə mənə deyirdilər ki, sənin sənədlərini tapa bilmirik. Mən də məyus halda geri dönürdüm. Sonuncu dəfə isə dözməyib orada işləyən bir qıza yaxınlaşdım. Sənədlərimi arxivdən tapdırıb, xahiş elədim ki, şəxsi sənədlərim olan qovluğu birinci sıraya qoysun. Həmin günün axşamı mənə komissarlıqdan zəng gəldi. Dedilər ki, sabah yaxınlaş, gedirsən xidmətə. Çox sevindim, çünki döyüşə gedirdim. Vətəni quldurlardan xilas etməyin zamanı gəlmişdi. Bir də ki, vətəni sevməyi pulla satmırlar, o gərək qanda ola. Müharibə şərəf məsələsidir.” 

 

Döyüş başladı


Müsahibimiz o qədər həyəcanlı idi ki, söhbət elədikcə sanki o anları bir də yaşayır, əlləri əsir, rəngi ağarırdı. Amma xatirələrini maraqla anladırdı:

“İlk olaraq bizi Ağcabədiyə, sonrası gün isə Beyləqana apardılar. İki gün təlimdən sonra N saylı hərbi hissənin tərkibində döyüşə başladıq. Onu da qeyd edim ki, təlim vaxtı mənim topçu biliklərim komandirimizin diqqətini cəlb eləmişdi. Bu baxımdan hesab edirdim ki, döyüşdə ermənilərdən qisasımızı ala biləcəm. İlk döyüşümüz Cəbrayıl istiqamətində oldu. Düşmənin bir çix dayaq məntəqələrini, texnikasını,  canlı qüvvəsini kəşfiyyat dəstəsinin verdiyi koordinata uyğun olaraq dəqiq və nöqtə atışlarla məhv etdik. Daha sonra biz Qubadlı istiqamətondə döyüşlərə başladıq. Düşmən texnikanı, silah-sursatı qoyub qaçırdı. Nəhayət, biz Qubadlının Xanlıq qəsəbəsində yerimizi möhkəmlətdik. Ordumuz sürətlə irəliləyir, düşmən geri çəkilirdi. Çox keçmədi ki, Qubadlı da Ermənilərdən təmizləndi. Bizim düşməni məhv etməyimiz hər bir döyüşçüdə böyük ruh yüksəkliyi yaratmışdı. Komandirimiz Zaur Ələkbərovun göstərişinə əsasən qarşıda  mühasirəyə düşmüş əsgərlərimizin xilası üçün böyük və peşəkar döyüş planı quruldu. Plan və taktika uğurla işlədi, əsgərlərimizi mühasirədən çıxarmağı bacardıq. Döyüş ərəfəsində mən böyük zədə almışam, sənəddə 3-cü qrup Qarabağ əliliyəm, amma əslində həkimlərin rəyinə əsasən, mənə ikinci qrup verilməli idi. Dərmanlarla yaşayıram. Qrup davası eləmirəm. Özləri çağırıb veriblər. Haqsızlıq görəndə özümü saxlaya bilmirəm. 

Döyüş yoldaşlarımdan Əli Səlimovu, Muradı, Nahidi, Calal Ağayevi, İsanı deyə bilərəm. İndi travmadan sonra yaddaşım itib, az-az yadıma adalar düşür. Əli yaxşı oxuyandır, televizora da çıxır. Yaxşı dostuq. Nə isə əsas odur ki, qələbə qazandıq. Düzdür, sağlamlığım yerində deyil, yarımcanam. Əsas vətən sağ olsun. Prezident Ali Baş Komandanın sərəncamı ilə  Cəbrayılın, Qubadlının alınmasına görə medalları ilə təltif olunmuşam.” 

Döyüş yoldaşları arasında, Turalı “Canavar Tural” deyə çağırardılar. Döyüş vaxtı çəkilən video bu deyilənləri bir daha təsdiq edir. Topun atış traektoriyasını özü düzəldir və tətiyi çəkir.

 

ONLAR DÖYÜŞDƏ TANIŞ OLDULAR

 

Tural döyüş yoldaşları haqqında da danışır. Düzdür onların sayı kifayət qədərdir. Daha çox  Asəfin igidliyindən söhbət açır. 

Asəf haqqında qısaca arayış:

Agayev Asəf  Sabir oglu 1988-ci ildə Cəbrayıl rayonu Kavdar kəndində anadan olub. Hərbçidir,  5 il orduda xidmət edib.  2016-cı il   aprel döyüşlərində böyük qəhrəmanlıqlar göstərib. Lələtəpənin alınmasında iştirak edib. O da digər könüllülər kimi 27 sentyabrda döyüşə atılıb. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərə qatılır. Elə Turalla da səngərdə tanış olur. 

Turalın döyüş yoldaşı onun haqqında bunları deyir:

“Döyüş yoldaşlarım var idi, Tural, Murad və başqaları, biz çətin və şərəfli anlarda bir yerdə idik. Bəzən bir kanserv qutusunu 4 nəfərə bölürdük. Hətta bəzən ac qalan vaxtlarımız da olurdu. Buna baxmayaraq vətən sevgisi bizi daha da irəliyə, düşmənin üzərinə aparırdı. Düşünürdük ki, vətən uğrunda şəhid olmağımız bizim üçün ən böyük zirvədir. 3 ay Tural, Murad və digər dostlarla kürək-kürəyə verib düşmən üzərinə yeridik, gözümüzü qırpmadan. Tural çox qorxmaz və vətənpərvər igidlərimizdəndir. Onun kimi bizim səngərdə tanıdığımız çoxsaylı dostlarımız var. Səngər dostları ilə. nəhayət, qələbə çaldıq. Torpaqlarımızı işğaldan azad elədik. ”

Tural bildirir ki, indi başımız dik, alnımız açıqdır. Biz qalib dövlətik.

Qarabağ Azərbaycandır!

Subut Mehdiyev, 

“Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri

 

 


Seçilən
48
3
azia.az

4Mənbələr