AZ

Azərbaycanın Yerdənkənar fəaliyyətinin təməlqoyma günü

Ölkəmiz kosmik sənayenin yaradılmasında da sanballı uğurlar qazanıb

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açmışdır. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılmasını zəruri edir.
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında Prezident sərəncamından
4 noyabr 2008-ci il

Bu qeydlərimizə həmin tarixi gündən indiyədək ölkəmizdə kosmik sənayenin inkişafını göstərən nailiyyətimizi sadalayarkən nədən başlayaq? Qabardılmalı məqamlar istənilən qədərdir. Yer orbitinə telekommunikasiya peyklərimizin çıxarılmasını da qabarda bilərik, Azərbaycanın beynəlxalq aləmdəki kosmik ailənin üzvü kimi tanınmasını da, ötən il ölkəmizdə 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsini də...

Təbii ki, bunların hamısı elmi-texniki nailiyyətdir. Ancaq mən bu sətirləri cənab Prezidentin 2008-ci ilin noyabrında imzaladığı sərəncamdan sonrakı ən böyük mənəvi uğurumuzu yada salmaqla başlamaq istəyirəm. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsində rüsvaycasına məğlub olan, son iki əsrdə yaratdığı bütün mifləri darmadağın edilən Ermənistanın üzdə olan siyasətçilərinin əksəriyyəti öz dövlətlərini qınayarkən Azərbaycanın müxtəlif uğurlarını yada salırdılar. Nikol Paşinyana müxalifətdə olan bir deputat isə demişdi:

“Əliyev (onlar sanki Azərbaycan Prezidentinin adını çəkməkdən belə, qorxurlar) kosmosa rabitə peyki göndərmək üçün milyonlar xərcləyəndə bizim dövlət başçılarımız milyonlar toplamaqla məşğul idilər. İndi Əliyev Bakıda oturub kosmosdakı imkanları ilə Ermənistanın bütün hərbi texnikasını görür”.

Yeri gəlmişkən, dövlət başçımız özü də düşmən üzərindəki möhtəşəm Zəfərdən sonrakı çıxışlarından birində bu barədə danışmış, bəzi faktları açıqlamışdı.

Prezident İlham Əliyevin gənc müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün uğurları çoxdur. Onlardan biri də bizim beynəlxalq aləmdəki “kosmik ailə”nin üzvü kimi nüfuz qazanmağımız və ötən payız Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi oldu. Həmin gün dünya astronomlarının və kosmos mütəxəssislərinin ürəyi həqiqətən Bakı ilə döyünürdü. Dünya mətbuatı bu tədbiri kosmosun və Azərbaycanın adına layiq şəkildə işıqlandırdı. Hətta kosmosdan da dövlət başçımıza, Bakıya, paytaxtımızın qonaqlarına salamlar göndərildi.

Əslində, astronomiya elmi ilə məşğul olmaq, kosmosa maraq göstərilməsi bizim üçün o qədər də yeni məsələ deyil. Çünki hələ yüz illər qabaq böyük mütəfəkkir Nizami Gəncəvinin əsərlərində Günəş Ay, planetlər və ulduzlar haqqında xeyli material vardır. Nizaminin vəfatından təxminən əlli il sonra isə başqa bir mütəfəkkirimiz – o dövr üçün məlum olan elmlərin demək olar ki, hamısında uğurlar qazanmış Nəsirəddin Tusi Marağa rəsədxanasını yaratmış və astronomiya elminə Avropa alimlərindən xeyli əvvəl mühüm töhfələr vermişdir. Təsadüfi deyil ki, UNESCO 2009-cu ili “Marağa rəsədxanası ili” adlandırmışdı.

Həmin tendensiya sonrakı əsrlərin hamısında davam etdirilmiş, hətta Şamaxı şəhərində də Asiyanın mükəmməl texniki bazaya malik olan rəsədxanalarından biri tikilmişdir. Nəhayət, ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyev konkret olaraq bu istiqamətdə və elmi şəkildə əsaslandırılmış dövlət siyasətini müəyyənləşdirməyə nail olmuşdur. Elə həmin siyasətin nəticəsi idi ki, 1973-cü ildə 24-cü Beynəlxalq Astronavtika Konqresi məhz ulu öndərin rəhbərliyi ilə Bakıda müvəffəqiyyətlə keçirilmiş və dünya alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Ancaq bütün bunlar astronomiya elminin təbliği və kosmosun öyrənilməsi istiqamətində atılan addımlar idi.

Ölkəmizdə kosmik sənayenin yaradılması istiqamətində ilk addım isə bilavasitə Prezident İlham Əliyevin uzaqgörənliyi nəticəsində –2008-ci ildə atılmışdır. Dövlət başçımız həmin il noyabrın 4-də “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncam imzalamış, sonrakı il avqustun 17-də isə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nı təsdiqləmişdir.

İndi bu sahədəki uğurlarımızın tarixçəsinə nəzər salanda görürük ki, biz 16 il əvvəlki məlum sərəncamın icrası nəticəsində kosmik ailənin fəal üzvlərindən birinə çevrilmişik. Həmin sənədin icrası prosesində – Telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli Sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (“Azərkosmos” ASC) təsis edilmişdi. İlk telekommunikasiya peykinin orbitə çıxarılması üçün ölkəmizin öz orbital mövqeyinin əldə edilməsi məqsədilə, 2010-cu ilin 25 may tarixində İstanbul şəhərində ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus orbital mövqeyə çıxarılmasını və “Measat” şirkəti ilə birgə istifadəsini nəzərdə tutan müqavilə imzalanmışdı.

2010-cu ilin 27 may tarixində ABŞ-nin “Orbital Sciences” şirkəti ilə telekommunikasiya peykinin istehsalına dair razılaşma, 2010-cu ilin 5 noyabr tarixində isə Fransanın “Arianespace” şirkəti ilə ilk telekommunikasiya peykinin “Ariane-5ECA” raketdaşıyıcısı ilə orbitə çıxarılmasını nəzərdə tutan müqavilə imzalanmışdı. Nəticə olaraq, “Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Bakı vaxtilə saat 01.36-da üzərində üçrəngli Azərbaycan bayrağı olan raketdaşıyıcı ilə orbitə buraxılmış və kosmodromdan qalxdıqdan 33 dəqiqə sonra raketin gövdəsindən ayrılmış, fəzaya buraxıldıqdan 34 dəqiqə 56 saniyə sonra isə orbitdə yerini tutmuşdu. Bu faktı bir də ona görə tam təfsilatı ilə yada salırıq ki, dünya alimlərinin Azərbaycan dövləti üçün yeni olan bir sahədəki ilk addımının uğurla nəticələndiyi barədə söylədiklərinin qürurunu təkrarən yaşayaq.

Onu da xatırladaq ki, 2013-cü il fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azerspace-1 peykinin idarə olunduğu “Azərkosmos” ASC-nin yeni inzibati binası – Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdilər. Bu faktı isə dövlət başçımızın həmin gün böyük fəxrlə səsləndirdiyi “məmnunam ki, burada çalışan mütəxəssislərin əksəriyyəti azərbaycanlı gənclərdir” – ifadəsinin qürurunu təkrar yaşamaq üçün xatırladırıq.

Sonrakı proseslər hamıya məlum olduğu üçün təfsilata varmır, yazını dövlət başçımızın Bakıda keçirilən “74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışından iqtibasla tamamlayırıq: “Azərbaycan on il əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər... Bakıda keçirilən bu konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”.

İttifaq MİRZƏBƏYLİ

Seçilən
43
xalqqazeti.az

1Mənbələr