Beynəlxalq Avtomobil Federasiyası (FIA) Braziliya Qran-prisində çətin vəziyyətlə üzləşib.
İdman.biz xəbər verir ki, təsnifat mərhələsi baş tutmasa, yarışın start xəttinin müəyyənləşməsi mübahisələrə gətirib çıxara bilər.
Dünən güclü yağış üzündən "İnterlaqos" avtodromunda kvalifikasiya yarışı baş tutmayıb. "Formula-1"in reqlamentində təsnifat keçirilmədiyi təqdirdə start düzülüşü müəyyənləşməsi ilə bağlı hər hansı maddə yer almayıb. Bu amil təşkilatçıları çətin vəziyyətdə qoyub. FIA-dan son qərarı stüardların verəcəyi bildirilib. Çempionatdakı mübarizəni nəzərə alsaq veriləcək qərarın mübahibə doğura biləcəyi ehtimalı yüksəkdir. Ən optimal variant kimi dünən keçirilən sprint yarışının nəticələrini nəzərə alına bilər. Belə olduğu təqdirdə Lando Norris ("Maklaren") 2-ci, beş pillə cərimə ilə üzləşən Maks Ferstappen isə ("Red Bull") 9-cu pillədən start götürəcək.
İlk məşqin nəticələri nəzərə alınarsa, bu zaman "Red Bull"un vəziyyəti daha pis olacaq. Norris ən sürətli olubsa, Ferstappen 15-ci yerdə qərarlaşıb. Bu isə onun Braziliya Qran-prisinə sonuncu pillədən başlaması deməkdir.
Qeyd edək ki, Braziliya Qran-prisinin dünən keçirilməli olan təsnifat mərhələsi 14:30-da start götürməlidir. Əsas yarış isə 19:30-a planlaşdırılıb.
İdman.biz