İlin əvvəlindən qiymətlərin 26% artdığı kərə yağı bazarındakı böhranla əlaqədar Rusiya hakimiyyəti kömək üçün dost ölkələrə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor” məlumat yayıb.
Bildirilib ki, tarixdə ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirlikləri Rusiyaya yağ tədarük etməyə başlayıb. Departamentin məlumatına görə, oktyabrın 18-dən Rusiya BƏƏ-dən 90 ton yağ idxal edib. Türkiyəyə edilən müraciətdən sonra isə oktyabrın 27-dən etibarən bu ölkədən yağ idxalına başlanılıb, bundan əlavə, Hindistan və İranla yağ alışı ilə bağlı danışıqlar aparılıb.
Qeyd edək ki, oktyabrın 31-də Baş nazirin müavini Dmitri Patruşev yağla bağlı vəziyyətə görə təcili iclas keçirib. O, qiymətləri sabitləşdirmək üçün rəsmilərə iki həftə vaxt verib.
Rusiya hökuməti idxal olunan yağa rüsumların tətbiq olunmaması versiyasını da nəzərdən keçirir.