AZ

Slovakiya da Azərbaycandan qaz almaq istəyir

Slovakiya qaz təchizatı mənbələrinin şaxələndirilməsi, o cümlədən Azərbaycandan “mavi yanacağ”ın idxalı imkanlarının öyrənilməsi üzərində fəal işləyir. Bu barədə Slovakiyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan rəsmiləri ilə, o cümlədən Avropaya qaz ixracının genişləndirilməsi ilə bağlı danışıqlar Slovakiyanın ölkəni yeni enerji mənbələri ilə təmin etməyə sadiq olduğunu göstərir. Hazırda Slovakiyanın yeraltı anbarlarının qazla dolu olduğunu bildirən mənbənin məlumatına görə, ölkə qonşu dövlətlərin qaz sistemlərinə qoşulub. “Bu, alternativ mənbələrdən və qaz çatdırılması marşrutlarından istifadə etməyə imkan verir ki, bu da Bratislavanın Ukrayna ərazisindən çatdırılan Rusiya qazından sırf asılı olmamasına imkan yaradır. Slovakiyanın İqtisadiyyat Nazirliyi digər maraqlı tərəflərlə birlikdə təbii qaz da daxil olmaqla enerji mənbələrinin şaxələndirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Ukrayna vasitəsilə Rusiyadan qaz tranziti üzrə müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır. Rusiyadan Çexiya və Slovakiyaya Ukrayna vasitəsilə qaz tranziti “Qardaşlıq” qaz kəməri vasitəsilə həyata keçirilir. Ötən il Slovakiyada istehlak edilən qazın ümumi həcmi 4,23 milyard kubmetr təşkil edib.

Yeri gəlmişkən, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. İlk vaxtlardan Yunanıstan, İtaliya, sonra isə Bolqarıstan, Rumıniya və Macarıstan ölkəmizdən qaz alıb. Bu ildən isə Serbiyanın da bu siyahıya daxil olması ilə Azərbaycanın ixrac coğrafiyası bir qədər də genişlənib.

Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin sonunadək isə bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Məlumat üçün bildiririk ki, TAP-ın ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir

Energetika Nazirliyinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub. Hesabat dövründə ölkəmizdən Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz ixrac edilib. İlin 9 ayında Trans-Anadolu Qaz Boru Kəməri ilə Türkiyəyə 4,2 milyard kubmetr qaz nəql olunub. Ümumilikdə isə, 2024-cü ilin 9 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təqribən, 4,2 faiz artıb.

Yaxın illərdə isə Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2027-ci ilin sonuna qədər Avropaya qaz ixracı 16 milyard kubmetrə çatdırıla bilər. Bunun üçün isə ölkəmizin imkanları yetərincədir. Belə ki, Energetika Nazirliyinin proqnozlarına əsasən, 2030-cu ildə Azərbaycanda əmtəəlik qaz hasilatı 45 milyard kubmetrə qədər artacaq. Bu həcmə nail olmaq isə çox realdır. Çünki yataqlar işlənir, zəruri sərmayələr qoyulur. Eyni zamanda, həmin resursların Avropaya nəqli üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi, eləcə də yeni interkonnektorların inşası nəzərdə tutulur.

 

Seçilən
55
xalqqazeti.az

1Mənbələr