AZ

Toy və yas mərasimləri

Ənənə, yoxsa mafiyanın cazibəli tələsi?

– İçəri girib ata-anamı otaqda bihal vəziyyədə görəndə dalağım sancdı. Divanda oturub dinib-danışmadan gözlərini tavana zilləmişdilər. Otağa dərin bir sükut çökmüşdü. Bəd xəbər eşidəcəyimə şübhə yoxdu. “Nə olub, nə baş verib?” – deyə soruşanda da dinmədilər, elə ki, səsimi ucaldıb sualı təkrarladım, anam stolun üstünə işarə elədi. Ora baxcaq mənim də nitqim qurudu və onların yanında bihal yerə çökdüm.

Stolun üstündə 3 toy dəvətnaməsi vardı. Tanışım nəql elədiyi bu epizoda bir qədər yumor qatsa da, reallıqdan da uzaq deyildi. Toy dəvətnamələri alanda dərdə-qəmə batanları azmı görmüşük? Qaşlar çatılır, sifətin mimikası dəyişilir, içəridən, hardasa ürəyin dərinliklərindən bir ah qopur. Nədəndi bu ah, axı səni toya, yeni ailə quran gənclərin xoş gününə çağırıblar, sevinmək, şadlanmaq əvəzinə nədir sənin dərdin?

Ritorik sualın cavabı bəllidir, səni elə bir yerə dəvət edirlər ki, aldığın əmək haqqının bir hissəsini üzərində “Oğlan evi”, yaxud “Qız evi” yazılmış qutuya salmalı olacaqsan. Toy bahalı şadlıq sarayında keçirilirsə, qiymətlər məlumdu, bir yerin qiyməti azı 100 manat. Orta statistik ailə ayda azı 3, ildə isə 20 dəfə toya gedir. Hər getdiyi toya isə minimum 50 manat ödəyir. Bu zaman ailə aylıq gəlirinin 34 faizini toya ödəmiş olur. Buna görə də əksəriyyət toy dəvətnaməsi alanda sevinə bilmir. “Toy olsun, bayram olsun, həyat firavan olsun” – deyə oxuyuruq, qol götürüb oynayırıq da, amma ay ərzində 3-4 toydan sonra firavanlıq arxa plana keçir, axı...

Şri Lankada toya getsəydim...

Nə etməli, çağırıbsa, getməlisən. Belə toylarda çətinlik həm də onda olur ki, gedirsən, toy sahibindən başqa heç kəsi tanımırsan. Neyləyəsən, kiminlə söhbət edəsən, nə qədər lal-dinməz oturasan? Bu yaxınlarda birinə getmişdim. Zala girdim, hamı nabələd. Şri Lankada toya getsəydim, bəlkə bir-iki nəfər tanıyardım, burada tanış yox. “Bəlkə yanlış toya gəlmişəm” düşüncəsiylə bəy-gəlin tərəfə baxıram, gəlin yerindədir, məni də toya o, dəvət edib.

Lap tutaq ki, hamı tanış-bilişdir, əyləşib bir masa arxasında, zalın yüksək səs akustikası hal-əhval tutmağa imkan verəcəkmi? Musiqi, çalıb-oxumaq başladısa, söhbət bitdi, giriş yeməyə.

Masanın üstündə nələr yoxdur, bircə quş südü çatışmır ki, alkoqollu içkilər olan yerdə ona ehtiyac yoxdur. Vur ki, vurasan. Filan qədər pul salırsan toya, heç olmasa, bir hissəsi yeyib-içməklə kompensasiya edilsin. Toyların birində məhdud hərəkətli qonağa söz verdilər. Əziyyət çəkib ayağa qalxmasın deyə, masabəyi mikrofonu əyləşdiyi yerdə ona təqdim elədi. Qonaq qəfil sözvermədən özünü itirdi, çünki yeməyin şirin yerindəydi, ovurdları küftə kimi şişmişdi. Udmaq da mümkün deyil, çıxarmaq da. Bir tərəfdən də video-kamera üzərinə tuşlanıb, məclis əhli ona baxır. Elə o vəziyyətdə də boğuq səslər çıxardı, bilinmədi sağlıq dedi, ya qəfil başının üstünü kəsdirən masabəyiyə, ya bu epizodu geniş planda çəkən operatora söydü.

Pəhriz saxlayanlar, içməyənlər isə bu imkandan məhrumdur, ağıza bir-iki tikə qoyandan sonra daha getmir, doyublar. Toy isə hələ təzə başlayıb, masaların üstü hələ əl dəyməmiş fərqli yeməklərlə doludur. Ardı da gəlir. Bir adam nə qədər ət yeyə bilər? Uzaqbaşı 250–300 qram. Amma süfrəyə baxanda görürsən ki, ətlə yanaşı, toyuq, qril, balıq, soyutma və ardı-arası kəsilməyən kabablar, üstəlik sonda plov və onun da içində yenə ət gətirilir. Müxtəlif salatlar, meyvələr, tortlar, içkilər hamısı yekunda bir mədəyə gedir. Axşam orada nəyin baş verəcəyi bəlli deyil. Dəfələrlə baş verən qida zəhərlənmələri, içilən araqdan sonra itirilən iş qabiliyyəti, başağrıları, ürək bulanmaları. Ay ərzində 3–4 toya getmək kifayət eləyir ki, vücudun əndazədən çıxaraq zorla nəfəs alasan. Sağında-solunda azmı görürsən belə adamları?

Eyforiyadan vəcdə gəlib, hələlik vecinə deyil, bir istəyi var, istəyir hamı desin ki, onun oğlunun toyunda yemək-içmək sel kimi axırdı, quş südü-can dərmanı istəsəydin, “yoxdu” sözü yox idi, beş-altı bərkgedən müğənni vardı.

Beləliklə, yorğanın uzunluğunu unudur, sonra da ayağını uzadıb rahatlanmaq istəyəndə görür ki, səhv eləyib.

Mentalitet qulları

Əhalinin böyük əksəriyyəti ürək bulandıran belə toyların əleyhinədir. Təbii, mühafizəkarlar, mentalitet qulları da var. Onların ilk sözü budur ki, toylar xalqımızın milli-adət ənənəsidir, minillik tarixi var, milli-mənəvi dəyərləri qorumaq isə hər birimizin borcudur.

Əcaba, özgə millətlər toy eləmirmi, şad günündə dost-tanışı çağırıb yeni ailə quranlara səadət, xoşbəxtlik arzulamırmı? Hamısında var. İnkişaf etmiş xarici ölkələrdə evlənmə kimə bəlli deyil: ailələrin tanışlığı, nikah, ailə və dostlarla kiçik mərasim, bal ayı və normal həyata dönüş.

İtalyan-amerikan yazıçı Mario Püzonun “Xaç atası” romanında (həmçinin bu roman əsasında çəkilmiş filmdə) don Vito Korleonenin evində onun qızı Konni və Karlo Rissinin toy məclisi təsvir olunur. Qonaqlar yeyib-içir, şənlənirlər. Ona görə şənlənirlər ki, bir azdan durub toya ən azı 50-dən, 100-dən pul yazdırmayacaqlar. Onlar nəinki toya pul salmayacaqlar, əksinə, bu toydan yararlanacaqlar. Çünki xaç atası kimi tanınan Vito belə xırdaçılıqlardan uzaqdır. O, siciliyalıların adətinə uyğun olaraq toy əhlinin, dost və həmkarların xahişlərini dinləyib həllinə göstəriş verir. Xahişə gələnlər çox gözəl bilirdilər ki, toy yiyəsi öz qızının toyunda kiminsə sözünü yerə salmayacaq, problemin həlli kimdən asılıdırsa, ona “imtinaolunmaz təklif” verib məsələni yerindəcə həll edəcək. O toyda da rəqs edib, halay çəkir, sağlıqlar deyirlər. Sonra bəy gəlinlə çıxıb deyə-gülə evinə yollanır.

Bizdə gəlinaparma necədir? Qız adamı kəsir qapının ağzını, bəydən 200–300 almayınca gəlini buraxmır. Doğmasını, əzizizini pul qarşılığında satmağa bənzəyirsə, kimə lazımdır bu adət? Təkcə qapının ağzı kəsmək deyil ki, küçədə də azyaşlıları buna vadar edənlər var. Bəyi oğurlayıb pul tələb etmək də var. Bütövlükdə belə adətlərə mentalitet qulu olmaqdansa, həmin əməlləri törədənləri ciddi qınamağın vaxtıdır.

Hələ biri də çıxıb: Ciyərqapma!

Toydan bir gün əvvəl keçirilən mərasimdir, kəsilən malın içalatının yeyilməsinə xidmət edir. Yeyilsin, amma “qapmaq” nədir? İnsan övladı məgər bu qədər alçalıb ki, ciyəri qapır?

Hansını deyəsən: Bitmək bilməyən elçilik, həriverdi, nişanqoydu, xınayaxdı, qız toyu, oğlan toyu və sair məclislər. Sanki Hindistan milyarderi Mukeş Ambani oğlu Anand üçün toy hazırlıqlarındadır. Sosial şəbəkələrdə qeyd edildiyi kimi, 2 gəncin ailə qurmasına milyon dollarla xərc gedib, Anandla sevgilisi Radhikanın ilk izdivac məclisi olan gün evlənən başqa cütlüklər artıq oğul-uşaq yiyəsidirlər, amma Anand hələ gərdəyə girib Radhikaya “xoş gəlmisən” deməyib. İmkanı olanlar el qınağından çəkinməsələr, yəqin ki, milyarder Mukeş Ambani kimi oğluna toy eləyər. Şifahi xalq ədəbiyyatında təsvir olunan toylar kimi. Nağıl, ya dastan qəhrəmanı əzab-əziyyətli yollardan keçərək yarına qovuşur, mərhəmətli padşah, o da olmayanda bəyin yeddi arxa dönəni müqəddəs əzabkeşlərin vüsala qovuşması üçün 40 gün-40 gecə toy eləyir, hamı yeyib-içir. İş-güc tökülüb qalır. Budurmu mentalitet?

İndiki dövrdə toya kimi müsibətləri qoyuram bir qırağa. Tutaq ki, qız ərə veririk. Öncə oğlanın nəslini araşdırma, arvadların tanışlığa gəlməyi, kişili-arvadlı elçilik, nişan bazarlığı, nişan, qurbanlıq, qızın ad günü, söz-söhbət (baldız göz süzdürüb), ev bəzəmə, gəlinliyin seçilməsi, xına (10 barmağını havaya tutub xınalı gəzmə, ovuca baş hərf yazılma, qızın başına fırlanma), toy (dünyanın xərci, 85 cür təam, heç vaxt üzünü görmədiyin adamların “ot duşi” şıdırğı oynamağı). Və nəhayət, 5 il sonra: oğlan tərəf hələ də toy xərclərini, qız tərəfi cehizin kreditini ödəməkdədir.

Saturn planetinə sarı tuşlanan klarnet

Siyahı uzundur, sadalamıram. Qoy birini də deyim, ürəyimdə qalmasın. Çağırıblar ciyərqapmaya, həyətə girirsən – nağaraçalan yeriyir qabağına, çomağı nağaraya elə vurur ki, dərisi çırılacaq, adama elə gəlir ki, həmin anda ona nəmər verməsən 2-ci çomaq təpənə enəcək. Klarnetçalan klarneti Saturn planetinə sarı tuşlasa da, gözü sənin cibindədir, operator səni ön planda çəkirsə, bax, gör də, neynirsən. Birdimi, ikidimi..?

Hamı ürək bulandıran belə toylardan dad eləyir, amma heç kəs də ayağını məlum “cığır”dan kənara qoymaq istəmir. Hətta gün çörəyinə möhtac olandan da soruşanda deyir ki, el-obadan ayıbdır, qohum-əqraba mənə nə deyər?

Toylardakı vəhşi israfçılığın qarşısının alınmasını hamı istəyir, lakin bir araya gələ bilmir. Elə isə, məsələ niyə inzibati metodlarla həll olunmur? Toyların tənzimlənməsi üçün bir qərar və ya sərəncam kifayətdir. Nədən bu qərar verilmir? Nə üçün hamını narahat edən bu məsələdə əhalinin deyil, kimlərinsə himayə etdiyi şadlıq sarayı və restoranların sahibinin mənafeyi qorunur? Onların varlanması üçün milli-mənəvi dəyərlər nə üçün ayaq altına atılmalıdır?

Bu sualların cavabı varmı?

Əgər yadınızdadırsa, pandemiya dövründə bu məsələ qərar və sərəncamlarla çox gözəl həll olunmuşdu. Hər şeyin ölçü-biçisi vardı, hamı da razılıq edirdi. Toyların tənzimlənməsi üçün yeni bir pandemiya gözləməliyikmi?

Son illər tikilən şadlıq saraylarının, restoranların sayı yağışdan sonra göbələk kimi artmaqdadır. Təbii ki, onların sahibləri bu yolda xəclədiklərini tez bir zamanda qaytarmaq istəyirlər. Onlar buna iaşə xidmətini müasir tələblər səviyyəsində qurmaq hesabına yox, əsasən, toyların məkanı kimi nail olmağa üstünlük verirlər. Toy mafiyası əsasən, bu yerlərdə formalaşır. Təbliğat elə aparılır ki, əhalinin böyük əksəriyyəti könüllü olaraq toy mafiyasının toruna düşür. İmkanı olan da, olmayan da bu axınla getmək məcburiyyətindədir. Toyla bağlı sifariş verəndə, istər-istəməz, toy sahibinə növbənöv çeşiddə yeməklər təklif olunur. Nəticədə şadlıq evləri toyun təşkilinə çəkilən xərcin maya dəyərindən qat- qat artıq pul qazanırlar. Qazanan mafiya olur, itirdiklərimiz isə milli dəyərlərimiz.

Hələ yas mərasimləri

Hardasa toyları bir təhər ötüşdürmək olar. Çünki toylar əvvəlcədən planlaşdırılır, hazırlıq görülür. Yas isə qəfildən baş verən bir hadisədir. Dünyasını dəyişmiş insanların yaxınları yas mərasimi zamanı bilmir ki, öz əzizlərinin itkisinə yansın, yoxsa qonaqların yemək məclisinin dərdini çəksin. Çünki yas mafiyasının təbliğatı nəticəsində hüzr mərasimləri banket tədbirlərinə dönüb. Yas sahibi borca da girmiş olsa, təki el qınağına hədəf olmamaq üçün ehsan vermək məcburiyyətindədir.

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin vəsiyyətnaməsində belə bir istək vardı: “Mənim həyat yoldaşım Hənifə xanım yas mərasimimə və dəfnimə xərclənəsi pulu xalq təhsilinə sərf etməyə borcludur”.

Ehsan vermək istəyən, qoy, o xərcləri savab qazanacağı bir işə yönəltsin, qarın doyurmağa yox. Yas yeri yeyib-içmək yeri deyil.

İstək olan yerdə

Bu problemin aradan qalxması üçün ciddi qanun qüvvəyə minməli, toy və yas mafiyasına son qoyulmalıdır. Eldən gələn nümunələr də var. Məsələn, Şərur rayonunun Mahmudkənd kənd əhalisinin birgə qərarı ilə ötən ilin sentyabrından yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Kənd ərazisində 3, 7 və 40 mərasimlərində ehsan verilmir. Başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılır. Həm də qəti qərara alınıb ki, kənd sakinlərindən hər hansı biri bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi mərasimdə sakinlər iştirak etməyəcək.

Deməli, istək olan yerdə toylardakı israfçılıq da aradan qaldırıla bilər. Bəs nə mane olur ?

Ölkə başçısının Naxçıvanda apardığı köklü islahatlar, Prezident xüsusi nümayəndəlik institutunun yaradılması, təhlükəsizlik və digər hüquq-mühafizə orqanlarındakı yenilənmələr, şəffaflıq mühitinin yaradılmasına doğru ciddi addımlar indi Naxçıvanda israfçılığın baş alıb getdiyi toyların, eləcə də yasların tənzimlənməsinə, istehlakçıların hüquqlarının pozulduğu iaşə obyektləri haqqında ölçü götürülməsinə böyük ümidlər yaradır. Bunu ən azından güman edirik.

Hüseyn ƏSGƏROV,
yazıçı-publisist

Seçilən
34
xalqqazeti.az

1Mənbələr