“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 10-cu turunda “Nyukasl”a səfər məğlubiyyətinə (0:1) aydınlıq gətirib.
Arena.az “Arsenal”ın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz oyuna çox yaxşı başladıq. Düşünürəm ki, biz yüksəkdə idik, kəskin görünürdük, diribaş görünürdük, sonra isə bir anda birbaşa hücuma keçdilər ki, onlar bunu həqiqətən də yaxşı bacarırlar və inanılmaz bir atışla topu kürəyimiz arxasına yönləndirib hücumu başa vurdular. Bundan sonra oyunun nəbzi dəyişir, güc-qüvvə dəyişir.
Xüsusilə fürsət yaratmaq baxımından biz kifayət qədər yaxşı deyildik və bu vəziyyətdən çıxmaq üçün kifayət qədər cavabımız yox idi. Beləliklə, sonda biz yalnız iki və ya üç böyük fürsətimizə güvəndik. Oyunu dəyişmək və qalib gəlmək üçün isə təhlükə kifayət deyil. Məyusedici tərəf də budur, amma etdiklərinə görə onların da haqqı verilməlidir”, deyə Mikel Arteta fikrini “sağsağanlar”a dəyər verməklə tamamlayıb.
10 turdan sonra “Arsenal” 18 xalla Premyer Liqanın yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. Artıq 3 oyundur qələbə üzünə həsrət “topçular” liderlər dəstəsindən uzaq düşmək üzrədirlər. “Nyukasl” isə tədricən sürət yığmağa başlayıb, “sağsağanlar” 15 xalla 9-cu pillədədirlər. Premyer Liqaya 25 xalla “Liverpul” başçılıq edir.