Dünən isə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda yorğa atların ölkə çempionatı keçirildi. Binə Atçılıq Mərkəzinin cıdır meydanında təşkil olunan yarışda Azərbaycanın müxtəlif bölgələrindən 50-dək yorğa at mübarizə apardı. Yarışı izləməyə müxtəlif çaparlar, Dövlət Sərhəd Xidmətinin məsul şəxsləri və tamaşaçılar gəlmişdi. Çempionatda Azərbaycanın müxtəlif regionlarında doğulan yerli yorğa atlar 7 müxtəlif kateqoriyada və məsafədə yarışdılar. Yorğa atların çempionatı ilə yanaşı, cıdır mövsümünün bağlanmasıyla bağlı əlavə yarışlar da keçirildi.
Yarışdan sonra ARAF-ın vitse-prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlama verdi:
“Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcəyi ilə bağlı Gənclər və İdman Nazirliyi ilə bir sıra danışıqlar aparılıb. Düşünürəm ki, bu yarışlar 2025-ci ildə Şuşa və Xankəndi ərazilərində reallaşacaq. Azərbaycanın qədim atüstü oyunlarına da böyük diqqət ayrılır. Bu dəfə keçirilən yoğa qədim idman növlərindən biri sayılır. Bu yarışlar vasitəsilə Azərbaycanda milli atçılığın inkişafına töhfə verməyə çalışırıq. Türkiyədə keçiriləcək turnirə dəvət almışıq. Müəyyən planlarımız var və bununla bağlı işlər görməyə davam edirik. Yalnız ölkə daxilindəki çempionatlarda yox, beynəlxalq turnirlərdə də layiqincə mübarizə aparmağa çalışırıq".
RÖYANƏ OĞUZ