AZ

Azərbaycan heç zaman indiki qədər güclü olmayıb



Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparmalı olduğu Vətən müharibəsini qaçılmaz edən əsas səbəblərdən biri beynəlxalq riyakarlıq olmuşdur. Keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Uzun illər ərzində formalaşmış cəzasızlıq mühiti buna səbəb olmuşdu ki, erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Müharibəyə qədər keçən son bir neçə ildə isə, ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq.

2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu. Xatırlamaq yerinə düşər ki, 1992-ci ilin may ayının 8-də məhz Şuşanı ələ keçirməklə Ermənistanın işğalçı silahlı qüvvələri keçmiş Dağlıq Qarabağın işğalını başa çatdırmışdılar. Həmin hadisədən 28 il sonra isə, Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə “Dağlıq Qarabağ münaqişəsi”nə və ümumiyyətlə belə bir inzibati ərazi vahidi adının mövcudluğuna son qoydu.

Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə məhz 8 noyabr tarixinin respublikamızda Zəfər Günü kimi qeyd olunması II Qarabağ savaşında tarixi Qələbənin əldə olunmasında Şuşanın işğaldan azad olunmasının ən önəmli amil kimi çıxış etdiyini bir daha vurğulayır. Şanlı Azərbaycan Ordusu qədim Şuşa şəhərini düşmənin işğalından azad etməklə Ermənistanı kapitulyasiya etmək məcburiyyəti qarşısında qoydu. Çünki məhz Şuşanın işğaldan azad edilməsi həm strateji baxımdan, həm də daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb edirdi. Şuşaya nəzarət etmək Xankəndiyə və bir çox digər yaşayış məntəqələrinə nəzarət etmək deməkdir. Əlbəttə, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı bu ədalətli Vətən müharibəsinin sonu elə hərbi əməliyyatların başlandığı ilk gündən heç kimdə şübhə doğurmurdu. Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə demişdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə olaraq xalqımızın sülhsevərliyi, möhtərəm dövlət başçımızın insanpərvərliyi qarşı tərəfə münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan sonadək yararlanmaq şansı vermişdi.

Bu gün müstəqil dövlətimiz özünün ən şanlı dövrünü yaşayır. 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağda məskunlaşmış separatizmin kökünü birdəfəlik kəsməklə ölkənin bütün ərazisində öz suverenliyini tam bərpa etdi. Azərbaycan bir daha sübut etdi ki, tarixdə heç vaxt bu qədər güclü olmamışdır və bu gün Cənubi Qafqazda ölkəmizin yaratdığı yeni geosiyasi reallıqları artıq bütün dünya qəbul edir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Seçilən
47
50
aia.az

10Mənbələr