Araqların ucuz olmasına təsir edən amillər mövcuddur. Ucuz araqlar əsasən kiçik sexlərdə istehsal olunur. Bazarda keyfiyyətsiz araqlar da kifayət qədərdir.
Modern.az-ın məlumatına görə, bunu Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun dosenti, texnika üzrə fəlsəfə doktoru Teymur Musayev deyib.
O qeyd edib ki, spirtin litrinin qiyməti 3-3.50 manat arasında dəyişir. "ƏDV və aksiz vergilərini də üzərinə əlavə etdikdə 10-12 manata başa gəlir. Bir litr spirtdən də 2,4 litr araq alınır. Digər xərcləri də əlavə etdikdə məhsulun maya dəyəri yüksəlir. Əgər məhsul 10 manata hazırlanır, amma yeddi manata satılırsa, deməli, keyfiyyətsiz spirtdən hazırlanır. Kömürdən keçmir, ucuz filtrlərdən istifadə olunur”, - ekspert "Kaspi" qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, buğdadan çəkilən milli spirtimiz Rusiya və Ukrayna spirtindən də keyfiyyətlidir:
"Onu inkişaf etdirsək, bazardakı qiymətlərə də təsir etmiş olarıq. Həmçinin əldə etdiyimiz gəlir də daxili bazarımızda qalar. Əgər məhsul keyfiyyətsizdirsə, vətəndaş ona ikinci dəfə üz tutmur. Qiymətin artırılmasının tələbata təsir edəcəyini düşünmürəm. Zənn etmirəm ki, arağın qiyməti qalxsa, onun çeşidi və keyfiyyəti də yüksələcək. Sadəcə, bəzi müəssisələr var ki, onlar sertifikatlaşdırılmalı və dövlət nəzarətində olmalıdır ki, keyfiyyətsiz araq istehsal etməsinlər".