AZ

Vaqif Cavadov: “Eyforiyaya qapılmamalıyıq”

Azərbaycan Premyer Liqasının XII turunun “Sumqayıt” – “Sabah” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Çox yaxşı komandaya qarşı oynadıq. Hücumda və müdafiədə yaxşı oynayırlar. Son oyunlar da onu göstərdi ki, yaxşı komandadırlar. Futbolçularım bu oyuna yaxşı köklənmişdilər. Məşqlərdə etdiklərimizi meydanda göstərə bildik. Onların sayəsində bu gün qələbə qazandıq. Çətin oldu, amma lazımlı idi. Ümid edirəm ki, qalib ruhumuz davam edəcək.

– Son 20 dəqiqədə ultramüdafiə olundunuz. Bunun riskli olduğunu düşünmürsünüz?

– Rəqibə epizodlar vermədik. Müdafiədə qalmağımızın bir məqsədi var idi. Planımızı icra etməyə çalışırdıq. Allahın izni ilə də, son dəqiqələrdə gözəl qol vurub, qələbə qazandıq. Hər şey istədiyimiz kimi oldu. Səbirli, istəkli davrandıq.

– Komandanın psixoloji enişdən çıxmaq üzrə olduğunu demək olar?

– Eyforiyaya qapılmamalıyıq. Hər oyuna qələbə istəyi ilə çıxacağıq. Heç bir eyforiyadan söz gedə bilməz. Çempionat çətindir. İşimizə istəklə və ciddi yanaşsaq, hər şey yolunda olacaq və istədiyimiz yeri tutacağıq.

– Rəqibə görə oynayacaqsınız, ya öz üslubunuz olacaq?

– Üslub var. Hər şeyi düzgün danışmalıyıq. Futbol nəyi tələb edirsə, onu etməliyik. Üç xalı qazandıq, indi irəli getməliyik. Hər oyuna fərqli yanaşmamız olacaq. Amma yolumuz, futbolumuz, fəlsəfəmiz birdir. Çalışacağıq bunu yerinə yetirək.

Şahin Cəfərov 

Seçilən
45
2
futbolpress.az

3Mənbələr