AZ

Üzünə düyü sıyığı vururdu: Brazilya futbolunun atasına niyə banan atılırdı - Araşdırma

Dünyanın hərb tarixinə adını qızıl hərflərlə yazdırmış türk mənşəli rus sərkərdə Suvorov deyib: “Tapşırığı yerinə yetirmək istəyən vəsait axtarır, istəməyən bəhanə”.

Sirr deyil ki, günümüzdə də ən populyar idman olan futbolda da həmişə sağlam rəqabət aparılmır. Hətta bəzən tərəfdarlar həddi aşaraq irqçiliyə qədər gedib çıxırlar. Rəqib komandanın qaradərili futbolçularına banan maketi, təsviri atılır.

Müsavat.com dünyanın ən yaxşı 5 futbolçusundan biri olan qaradərili Artur Fridrix haqqında maraqlı məlumatları təqdim edir.

Alman ata və qaradərili ananın övladı olan Artur 18 iyul 1892-ci ildə San-Pauluda dünyaya gəlib.Həmin dönəmdə  Amerika qitəsində irqçilik geniş vüsət almışdı. Balaca Fridrix yaşıdları ilə futbol oynamağa böyük həvəs göstərir, lakin qaradərili insanların ağdərili insanlarla nəinki oynaması, onlara təması və toxunması qadağan idi. Belə olduqca sərt qaydalara qarşı dözüm sərgiləyən gələcəyin ən yaxşı futbolçusu özünü bu sahədə inkişaf etdirmək üçün daim qaradərili uşaqların axtarışında olur.  Amma yalnız qaradərili uşaqlar arasında olması onu bullinqdən xilas etmir. Xüsusən get-gedə bir ulduz kimi yetişməsi və parlaması onu həmişə məsxərə obyekti edir.

Artıq onun xarici görünüşü idman kariyerasını iflic etməyə başlayır. Gələcəyin futbol dahisi məcbur olub görünüşündə dəyişiklik edir. Tünd qara və buruq gur saçlarını ev üsulu ilə düzləşdirib rəngini dəyişir. Bütün oyunlarda başına tordan bir örtük taxır. Saçını nisbətən ağdərili insan saçına oxşatdıqdan sonra qalır dərisinin rəngi. Bunun üçün isə o üzünə düyü sıyığı vurur.

Getdikcə karyerasında yüksələn ulduz futbolçu Braziliyanın milli futbol komandasının üzvü olur. 20 illik karyerası ərzində sırf dərisinin rənginə görə maaş almır.

Heç bir basqı Artur Fridrixin polad kimi iradəsini sındıra bilmir. Tam haqsız yerə vurduğu qollar sayılmır, oyunlar boyu tez-tez hakimlərin qərəzli münasibəti ilə üzləşir.

Artıq 20-ci əsrin 20-ci illərində Amerikanın başqa ölkələrində də ağdərili futbolçuları geridə qoyan qaradərili futbolçular yetişməyə başlayır. Bundan təlaşlanan federasiyalar qaydaları dəyişirlər- artıq oyunlarda ağdərili futbolçulara sərbəst olaraq qaradərili futbolçulara istədikləri vaxt təpik atmaq icazəsi verilir.

Ağdərili rəqiblərinin təpik zərbəsindən müdafiə üçün qaradərili futbolçular futbola aldatma, dayaq hərəkətlərini gətirirlər və uğurla tətbiq edirlər. Belə aldatma və dayaq hərəkətlərinin ən yaxşı icraçısı da elə məhz Artur Fridrix olur.

Heç cür iradəsi sınmayan və ruhdan düşməyən Fridrixin sayılan qolları Pelenin vurduğu qollardan çoxdur. Qaradərili futbolçunun əhəmiyyətli qolları heç bir əsası olmadan sayılmırdı və statistikaya daxil edilmirdi. Onun xidmətlərindən isə demək olar ki, bəhs olunmurdu və qiymətləndirilmirdi.

Fridrixin Braziliya və dünya futboluna töhfələri sonradan araşdırılır və məlum olur ki məhz onun əməyi ilə Braziliya ilk dəfə 1919-cu ildə Cənubi Amerika kubokunu qazanır.

Braziliya futbol məktəbinin təməl daşının və texniki bacarıqlarının memarı məhz Pele yox, Artur hesab olunur. Hətta Pelenin yetişməsi də onun bu əməyinin nəticəsidir.

Arturun bu uğurları Braziliyadakı başqa istedadlı qaradərili futbol sevənlərini də həvəsləndirir. Təhsil, hətta soyad daşımaq hüqundan da məhrum olan qaradərililər öz aralarında təlimlər keçirib, əksər ağdərili futbolçulardan daha profesional idilər. Federasiya onların əməyindən istifadə etməkdə heç bir problem görmür. Üstəlik, qaradərili futbolçular ya maaşsız, ya da ən aşağı maaşla Braziliyanı əbədi olaraq futbolun zirvəsinə yerləşdirəcəkdi. Qısa zamanda təhsilsiz, soyadsız qaradərili futbolçulara müqavilə üçün imza və soyad lazım gəldi. Vaxtın azlığını nəzərə alan federasiya onlara kütləvi halda soyad “paylamağa” başladı. Ən asan soyad “Souza” və “Santos” idi. Tez bir zamanda qaradərili futbolçular Souza və Santos soyadı ilə Braziliya milli komandasına yazılır. İndi də Braziliya komandasını əksər qaradərili futbolçusunun soyadı Souza və Santosdur.

Ömrünün 20 ilini Braziliya futboluna həsr edən, ölkədə futbolun təməlini qoyan, məktəbini yaradan Artur  Fridrixin isə tək qazancı doğma Sao-Pauluda bir ev olur.

1329 matçda oynayan əfsanəvi futbolçu statistikaya görə 1239 qol vurub. Amma bu tamamilə yalan informasiyadır. Pelenin isə vurduğu qol sayı 1280 idi.

Nə sağlığında, nə də ölümündən sonra heç vaxt layiq olduğu dəyəri görməyən Artur 2 sentyabr 1969-cu ildə 77 yaşında doğma Sao-Poloda həyatdan köçür.

Uğradığı heç bir haqsızlıq qarşısında geri çəkilməyən əfsanə tarixə adını nəinki yaxşı futbolçu, hətta ən yaxşı futbolçu olaraq yazdırır.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr