Şuşa ruhumuzun yüksəkliyi olduğu kimi, dərdimizin, kədərimizin də ən yüksək qatı, ağrımız, acımız idi. Şuşa xəyanətlə təslim olunmuşdu, xəyanətlə düşmənə verilmişdi. Qala şəhərimizin süqutu başımızı, qamətimizi əymişdi və xalq olaraq qürurumuzu ləkələmiş, döyüş əzmimizi pərən-pərən etmişdi. Miskin həyat heç vaxt bizim yaşam tərzimiz olmayıb. Döyüş, meydanında qəhrəmanlıq, şərəfli olum və ölüm biz azərbaycanlıların həyat prinsipi olub. Təkcə Əlincə uğrunda mübarizə qeyd etdiyimizin təsdiqidir. Əlincə qalası uğrunda apardığımız nə az, nə də çox 14 illik mübarizə xalqımızın qəhrəmanlığının, döyüşkənliyinin bəyanı idi və bu mübarizə əzmimiz qarşı tərəfi heyrətə gətirmişdi. Əlincədə silahı qutarmış döyüşçülərimiz ərzaqlarını düşmənin başına endirməklə qalanı qəhrəmancasına qoruyurdular və son damla qanlarına qədər döyüşdülər. Amma Şuşa döyüşsüz təslim olunmuşdu, mədəniyyət paytaxtımızın müdafiəsinin Şuşada yox, qonşu ölkədə, acizanə formada qurulması işğalla nəticələndi. Bu rüsvayçı hadisə ilə Şuşa yox, qürurumuz da işğal olundu.
Qala şəhərimizin təslimi Heydər Əliyevsiz müstəqil Azərbaycan tarixinin növbəti utancverici səhifələrindən biri oldu.
Sülh təmaslarında Ulu öndərin Ermənistan prezidentinə ünvanladığı “siz digər şəhərlərimiz kimi Şuşanın da tarixi abidələrini dağıtmısız?” sualı unudulmaz milli liderin Qarabağ, Şuşa narahatlığının ürək ağrısı idi. Xalq liderinin Qarabağın, Şuşanın alınması vəsiyyətini onun siyasi varisi özünəməxsus qətiyyətlə həyata keçirdi. Cəmi 44 gün çəkən Vətən müharibəsində Baş Sərkərdə İlham Əliyevin siyasi, hərbi qətiyyəti nəticəsində Ermənistan ordusu tarixinin ən acınacaqlı məğlubiyyətini yaşadı, Qarabağ, Şərqi Zəngəzur və Şuşa azad olundu. Unudulmaz tarixi qələbəmizi Fəxri xiyabanda xalq atasına məruzə edən Prezident İlham Əliyev fövqəlxidmətləri ilə ümumxalq sevgisini əbədi olaraq qazandı. Həmin o uğursuz illərdə itirilmək təhlükəsində olan müstəqilliyimizi göz bəbəyi kimi qoruyan Ulu öndər gələcəkdə Qarabağa qayıdışımızın strategiyasını, yol xəritəsini siyasi ustalıqla yaratdı. Haqqında əfsanələr dolaşan, bütün cəbhə boyu düşmənə həm hərb, həm də əxlaq dərsi keçən Azərbaycan Ordusu böyük azərbaycanlının birbaşa rəhbərliyi ilə qurulmuşdu. Məhz bu şərəfli ordunun təkcə Şuşa uğrunda döyüşü bəşər övladı üçün misilsiz qəhrəmanlıq nümunəsi oldu. Qayalara dırmaşaraq şəhəri əlbəyaxa döyüşlə, süngü ilə azad edən ordumuz düşmənə kabus yaşatdı. Şuşanın azad olunması digər torpaqlar kimi Azərbaycanın haqqı idi. Şuşa uğrunda döyüşlər təkcə qələbəmizi rəsmiləşdirmədi, eyni zamanda terroru, insanlıq əleyhinə cinayəti dövlət siyasəti seçən Ermənistanın ideoloji, hərbi doktrinasını darmadağın etdi. Yalnız bundan sonra onlar anladılar ki, Azərbaycan xalqının tarixi torpaqlarında ikinci erməni dövləti qurmaq mümkun olmayacaq və “Böyük Ermənistan” konsepsiyası sadəcə xülya və mifdir. Çünki regionun söz sahibi Azərbaycandır. O Azərbaycan ki, onun liderinin şəxsiyyətinə, qətiyyətinə belə erməni xalqı həsədlə baxır, belə lider arzulayır. Qəhrəman xalqın qəhrəman lideri düşmənin xain planını məhv etməklə bizə zəfər yaşatdı.
Ötən əsrin əvvəllərində, ondan sonrakı dövrlərdə, müstəqilliyimizin ilk illərində region üçün real təhlükə mənbəyi olmuş və xislətinə uyğun cinayətlər törədərək bölgəni daim basqı altında saxlamış erməni faşizmi Prezident İlham Əliyevin sərkərdəliyi ilə Şuşa döyüşündə məhv edilərək dəfn olundu və bir daha dirilməyəcək! Döyüşdən qaçan, yaxud əsir düşərək vətəninə qayıdan erməni ordusunun qalıqlarının etirafları bunun tarixi sübutudur.
Bu gün yalnız mədəniyyətimizin deyil, qəhrəmanlığımızın məbədgahı olan Şuşa gözəlləşir, inkişaf edir, dəyişir, dirçəlir, taleyinin xoşbəxt və bəxtəvər günlərini yaşayır. Bir qərinə yad adamların ayaqları altında inləyən qala şəhərimiz hazırda Türk Dünyasının qardaşlıq ünvanına çevrilib. Türk Dövlətlər Təşkilatının konfranslarına, Azərbaycan – Türkiyə sarsılmaz qardaşlığının təsdiqi olan müttəfiqliyinə şahidlik edir, sevinir.
Bütövləşən ölkəmiz və imperialist qüvvələrlə döyüşərək bu xoşbəxtliyi bizə yaşadan Sərkərdəmiz var olsun!
Əziz Azərbaycan, liderinin qətiyyəti və qüdrəti ilə sən bütöv və azadsan!
Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini