Moldovada prezident Maia Sandu seçkilərin ikinci turunda qələbə qazandığını elan edib...
Poliqon xəbər verir ki, Moldovada prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Maya Sandu öndədir. Seçki məntəqələrindən gələn protokolların demək olar ki, 100%-ni işlədikdən sonra hazırkı prezident keçmiş baş prokuror Aleksandr Stoyanoqlonu 10 faizdən çox üstələyir. Sandu artıq öz qələbəsini elan edib.
Qeyd edək ki, bazar günü, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. Xalq ölkənin qərbyönlü prezidenti, “Fəaliyyət və Həmrəylik” partiyasını təmsil edən Maya Sandu ilə Sandu hökuməti tərəfindən vəzifədən uzaqlaşdırılan keçmiş baş prokuror, müxalif Sosialist Partiyasının namizədi, Qaqauziya əsilli Aleksandr Stoyanoqlo arasında seçim edib.
Xatırladaq ki, Sandu Avropaya inteqrasiya siyasətinə və Rusiyaya qarşı sanksiyalara sadiqdir. Stoyanoqlo Avropa ilə inteqrasiyanın tərəfdarı olsa da, Rusiya ilə praqmatik münasibətlərin saxlanmasına yönəlib. O, Rusiyanın Moldova iqtisadiyyatı üçün əhəmiyyətini qəbul edir və onu mühüm tərəfdaş kimi görür.
Seçki məntəqələrindən gələn protokolların 99,01%-ni emal etdikdən sonra Sandu 55,06%, Stoyanoqlo 44,94% səslə liderdir. Qələbə 250 mindən çox seçicinin Sanduya səs verdiyi xaricdə səsvermə sayəsində əldə edilib.
“Əziz moldovalılar, mən seçkiyə gələn hər birinizə minnətdaram. Səsinizi eşitdim: həm məni dəstəkləyənlər, həm də cənab Stoyanoqloya səs verənlər. Hamınız üçün prezident olmağa söz verirəm. Bizim layiqli gələcək seçimimizdə heç kim itirməyəcək. Fərqli baxış nöqtələrimiz ola bilər, fərqli dillərdə danışırıq, amma hamımız sülh, qarşılıqlı anlaşma və uşaqlarımız üçün layiqli həyat istəyirik. Qarşıdakı illərdə Moldova üçün əsas məqsədim budur. Bizə cəmiyyətin birləşməsi lazımdır”, deyə gecə saatlarında Sandu xalqa müraciətində rusca deyib.
Sandu Moldovanın qalib gəldiyini qeyd edib və vurğulayıb ki, ölkə vətəndaşları tarix kitablarına yazılmağa layiq demokratiya dərsi veriblər. Maia Sandu korrupsiyaya qarşı mübarizəni yaxın gələcək üçün əsas məqsədlərdən biri adlandırıb:
“Ən vacibi ədalət islahatları və korrupsiyaya qarşı mübarizədir. Aydındır ki, bu islahatı apardığımız sürət kifayət deyil. Aydındır ki, bunun üçün yanaşma dəyişilməlidir, cəmiyyətdə geniş müzakirələr aparılacaq. Yeni üsullardan istifadə edəcəyik və işlər daha sürətlə gedəcək. Biz 2025-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşmalı və demokratiyanı möhkəmləndirməliyik”, deyə seçilmiş prezident gələcək planlarından danışıb.
Poliqon.info