AZ

Novruzəli Aslanov: “Prezident İlham Əliyevin müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər”



“2003-2020-ci illər arasında Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm hazırlıq dövrünü keçmiş və artıq sadəcə Ermənistana deyil, istənilən aqressora layiqli cavab vermək gücünə sahib olmuşdu. Hərbi əməliyyatların başlandığı ana Azərbaycan istər hərbi potensialına, istər iqtisadi gücünə, istərsə də ölkədə hökm sürən ictimai-siyasi şəraitin əlverişliliyinə görə Ermənistanı qat-qat üstələyirdi. Bu da Azərbaycan Prezidentinin müdrik uzaqgörənliklə həmin ana qədər ötən 17 il ərzində həyata keçirdiyi əhatəli və effektiv hazırlıq işlərinin nəticəsi idi. Bütün bunlar 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən Azərbaycan Ordusunun başladığı və tez bir zamanda geniş miqyas alaraq Vətən müharibəsinə çevrilmiş əks-hücum əməliyyatlarının gedişində öz təsdiqini bariz şəkildə tapmış oldu. Xüsusilə belə bir məqamı da qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin müharibə dövründə dünyanın ən böyük media qurumlarına verdiyi 30-dan çox müsahibənin hər biri münaqişə ilə bağlı əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb etmişdi. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Müharibənin gedişində bir çox parlaq qələbələrin əldə olunduğunu vurğulayan deputat məhz Şuşanın azad olunmasının Vətən müharibəsinin sonluğunun Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdiyini diqqət mərkəzinə çəkib: “Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Bununla belə məhz Şuşanın azad olunması hərbi əməliyyatların Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdi. 2020-ci ilin 8 noyabrında Şanlı Ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı indiyədək hərb tarixində misli görünməmiş əməliyyat keçirməklə düşməndən azad etdilər. Sıldırım qayalarla dırmaşaraq əlbəyaxa döyüşə girən Azərbaycan hərbçiləri Şuşanı erməni işğalçılarından bir günə təmizlədilər. Bu parlaq qələbədən dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bu irimiqyaslı həmlələr düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu. Bu sənədin imzalandığı an hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər rayonları artıq Üçtərəfli bəyannamənin şərtlərinə görə qan tökülmədən özümüzə qaytarıldı. Bu isə bir daha Ölkə Prezidenti cənab İlham Əliyevin insanlarımızın, əsgərlərimizin həyatını hər şeydən daha üstün tutduğunu aydın şəkildə göstərir”– deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Seçilən
46
aia.az

1Mənbələr