AZ

“Aparıcının müğənnini studiyadan qovması” şou-mousu

 

Bu tv-şou videosundan fraqmenti dünən hansısa sayt paylaşmışdı, qarşıma çıxdı, yoxsa illərdir çoxları kimi televizorun pultunun düyməsinə barmaq basdığım yoxdur - sırf düşük verilişlər, səfeh şoular üzündən.

Ancaq qapını bağlasan, pəncərədən, pəncərəni qapatsan da, nəsə bir yerdən evimizə soxulan verilişlər var, onlardan qurtuluş yoxdur, noutbukun displeyindən, telefonun ekranından gözümüzə girirlər.

Milli televiziyamızım III Zaurunun aparıcısı olduğu verilişdən kəsilmiş fraqment də o cür oldu, qəfildən ürcah oldum.

Deməli, aparıcı verilişə müğənniləri çağırıb, onlar da geyinib-kecinib, gəlib, oturublar studiyada. Burada bir nəfəsdərmə edərək, başqa bir mətləbə toxunaq.

Bu ölkədə N qədər elm, incəsənət, mədəniyyət, ədəbiyyat, siyasət və sair peşə xadimləri var, amma verilişlərə yalnız müğənnilər və qismən də aktyorlar dəvət olunur. Səbəbi də budur ki, məhz bunlar süni “qalmaqal”larda, “gərginliklər”də iştirakçı olmağa razılıq verirlər. Bir alimə desələr ki, səni verilişə çağırırıq, amma sən orda həmkarınla yalandan dalaşmalısan ki, veriliş baxımlı olsun, reytinqi qalxsın, o deyər, mən artistlik edə bilmərəm, gedin, özünüzə ayı adam tapın.

Onlar da gedib artist tapırlar, gerçəklik belədir ki, müğənnilərə, aktrisalara şöhrət lazımdır. Şöhrət olan yerdə pul da olur, sponsor da, ev-eşik, lüks maşın, super tətil və sair şeylər də. Şöhrət qazanmağın yolu da efirdə çox görünməkdən, adının qalmaqallarda çox hallanmağından keçir.

Xülasə, qayıdaq studiyaya. Demək, müğənnilər normal geyinib, studiyada oturublar və aparıcı Zaur deyir ki, evimdə qonaq olsaydı, Camilanı qovardım. Sonra da əlavə edir ki, qovardım, yəni yaxşı mənada, deyərdim ki...

Allah qoymasa, evdən qovmağın yaxşı mənası da olur? Bu, yalnız elə ola bilər ki, adama “dur, rədd ol evimdən” demək əvəzinə, daha yumşaq ifadələr seçəsən, belə deyəsən: “Rica edirəm, evimi tərk edəsiniz, lütfən”.

Amma bunun ikisi də qabalıqdır, çünki anormallıq prosedurun fitrətində, felindədir, qovulmaq insana yaraşan akt deyil. Görünür, ona görə də müğənni Camila dedi ki, məni heç kəs efirdən qova bilməz, lazım olsa, özüm durub gedərəm. Qadın belə dedi və durub getdi.

Hələ ona da toxunaq ki, bu nə ədabazlıqdır, adamın adı Cəmilədirsə, nədən Camila deyilməlidir? Səbinələr Sabina, Samirələr Samira, Kəmalələr Kamila və ya Kameliya olmuşdu, indi də Cəmilələrin “yevropeyski” tələffüzünə start verilib. Bu, əlbəttə ki, natamamlıq kompleksinin əlamətidir, özündən üstün hesab etdiklərini yamsılamaqdır.

Nəysə, bunun da üstündə çox durmayaq. Gələk o yerə ki, aparıcı Zaur guya bu gedişatdan pəjmürdə-hal oldu, üzünü əsas kameraya tutub dedi: “Heç kəs məndən Camilanın xahişini eləməsin”.

Elə çıxırdı ki, Cəmilə-Camilanın həyatı, edam hökmü aparıcının iki dodağının arasındadır və o, artıq qərarını verib, müğənni asılacaq, heç kəs onu ipdən almağı Zaurdan xahiş eləməsin. Pah! Qətiyyətə bax! Prinsipiallığa bax! Xahiş eləməsinlər! Əfv olmayacaq! “Əsgər ailəsinə sataşıb o. Çəkmələrini də çıxar, tikanlıqla ayaqyalın apar onu!” Oldu, Qılınc Qurban!

Camaat da baxır, deyir, booy, efirdə biabırçılıq oldu, aparıcı müğənnini geyiminə görə qınadı, efirdən qovdu. Başqası da deyir, yoo, aparıcı irad bildirdi, amma müğənni qız qürurlu çıxdı, efirdən özü getdi.

Bunlar nəlbəki sunamisir, əziz həmvətənlər. Nə o qızın geyimində irad tutulası nəsə vardı, nə aparıcı durduq yerdə elə söz deməliydi, nə də Camila-Cəmilə elə sərt reaksiya verməliydi. Studiyalara qat-qat açıq-saçıq geyimlərdə gələnlər olur (bunların da fraqmentləri paylaşılır), aparıcılar isə onlara komplimenti ərəb təsbehinin dənələri kimi sapa düzürlər, heç mentalitet dərdi çəkən olmur. Hətta bir çox aparıcılar və ya prodüserlər evirə dəvət etdikləri xanımlara öncədən tövsiyə edirlər ki, Vatikan rahibəsi kimi geyinməsinlər, gözəlliklərini xalqa da nümayiş etdirsənlər ki, həm özlərinə qapı açılsın, həm də veriliş baxımlı olsun.

İndi görün, tamaşaçı auditoriyası toplamaq üçün tv-lərimiz hansı yola gedir, necə ssenarilər quraşdırırlar. Audiovizual Şura insanların zövqünü korlayan, abır-həyasını tökən, əxlaqını pozan belə verilişləri, elit fahişəliyin təbliğatı demək olan şouları yığışdırsa, yaxşıdır. O qədər danışmalı, müzakirə etməli dərd-sər var ki ölkədə. Onlar müzakirə olunsa, camaat iyrənib uzaqlaşdığı TV ekranlarının da qarşısına qayıdar.

Seçilən
40
1
musavat.com

2Mənbələr