Tanınmış telejurnalist, AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev yeni işi barədə açıqlama verib.
Modern.az saytının məlumatına görə, R.Həmzəyev bildirib ki, 4 noyabr 2024-cü il tarixindən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən ANEWZ beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır.
“Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan-dünyaya çatdırılacaq”, - Rüfət Həmzəyev bildirib.
Onun sözlərinə görə, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər.
“Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər.
Beynəlxalq ingilisdilli kanal kimi ANEWZ yüksək jurnalistika standartlarını, o cümlədən beynəlxalq və yerli istedadları bir araya gətirir. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir”.
Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb.
A.Qorxmaz