AZ

Alavərdi Culfayevlə keçmiş kürəkəninin məhkəmə çəkişməsi davam edir

Azərbaycanın üzgüçülük üzrə paralimpiya milli komandasının baş məşqçisi Alavərdi Culfayevin keçmiş kürəkəni Fərqan Əlişov arasında məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Fərqan Əlişovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.   

 

Şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 6-na təyin edilib.

 

Qeyd: A.Culfayev məhkəmədə keçmiş kürəkəni, 1978-ci il təvəllüdlü F.Əlişovun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. O, F.Əlişovun Cinayət Məcəlləsinin 147 və 148-ci (Böhtan və təhqir) maddələri ilə cəzalandırılmasını istəyib.

 

Bildirilib ki, bir müddət əvvəl F.Əlişov mətbuata açıqlamasında həyat yoldaşından boşanmasında A.Culfayevin rol oynadığını bildirib. O, baş məşqçiyə qarşı bir sıra iddialar səsləndirib və mətbuata müsahibəsində bu ifadələrə yol verib: “2009-cu ildə Culfayevin qızı ilə ailə həyatı qurmuşam. Evliliyimiz 2022-ci ilin iyununa kimi davam edib, iki qızımız var. Qayınatam ailəmizin dağılmasının əsas səbəbkarıdır.

 

Subay vaxtı Həzi Aslanov metrostansiyası yaxınlığında öz adıma ev almışdım. Evləndikdən sonra ailəmlə orada yaşamağı planlaşdırırdım. Ancaq qayınatam yoldaşımla köçüb dövlətin ona verdiyi evdə yaşamağı təklif etdi. Beləliklə, razılığa gəldik ki, biz ona verilən mənzildə qalaq, qayınatam isə şəxsi evimi kirayə verib pulunu özünə götürsün. Hər ay 380 manat kirayəpulu alırdı”.

 

F.Əlişov eks-qayınatasını sözügedən evdən təyinatı üzrə istifadə etməməkdə ittiham edib: “Qonşular qayınatamın evi kirayə verdiyi adamlardan şikayət etdilər. Bundan sonra həmin kirayənişinləri oradan çıxardım və məcburən evi satdım. Satışdan əldə olunan pulla yaşadığımız evə əşyalar alındı, qalan hissəsi isə yoldaşımın borcu var idi, ona verildi. Qayınatamla münasibətlərimiz məhz bundan sonra pozuldu”.

 

A.Culfayev keçmiş kürəkəninin ona böhtan atdığını, əxlaqsızlıq yuvası saxlama kimi cinayət əməlində ittiham etdiyini deyib.

 

Xətai Rayon Məhkəməsi F.Əlişovun müsahibəsində təhqir elementinin olmaması qənaətinə gələrək ona 148-ci maddə üzrə bəraət verib. Lakin barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən şəxs 147.1 (Böhtan) maddəsi üzrə təqsirli bilinib. Ona 1500 manat cərimə cəzası verilib.

 

Kamal Məmmədov

 

Tarix: 4 Noyabr 2024, 10:02   
Seçilən
21
pravda.az

1Mənbələr