AZ

Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzində isə qəbul edilmiş 4-cü Konstitusiyadır. Konstitusiyanın yaranmasında təşəbbüs göstərmiş Ümummilli liderimiz Heydər Əliyevin 1996-cı il 1 noyabr Fərmanına əsasən hər il 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd edilir.
Azərbaycanın ilk Konstitusiyası kimi 1921-ci ildə Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər qurultayı zamanı birinci Konstitusiyanı qəbul etdi. Lakin məlum məsələdir ki, bu Konstitusiya formal xarakter daşıyırdı. Sənəddə qeyd edilən geniş şəkildə verilmiş insan hüquqları və azadlıqları reallıqda öz əksini tapmadı. 1925-ci ildə yeni Konstitusya qəbul edildi. Bu Konstitusiya da ilk dəfə qəbul edilmiş Konstitusiya əsaslanırdı. Və 1978-ci ildə Azərbaycan SSR-nin sonuncu Konstitusiyası qəbul edildi. SSR dövründə qəbul edilmiş bu Konstitusiyalar mahiyyət etibarı ilə demək olar ki, bir-birini təkrar edirdi. Amma sonuncu Konstitusiya digərlərindən fərqli idi. Həmin dövrdə Azərbaycan SSR Ali Sovetində Ümummilli Lider Heydər Əliyev məruzə ilə çıxış etdi. Məruzədə Azərbaycan dilinin dövlət dili olması tələbini irəli sürdü və Konstitusiyada öz əksini tapdı. Bu, təşəbbüs Ulu Öndərin Azərbaycan dövlətçiliyinə və xalqımıza qarşı sadiqliyinin, bağlılığının sübutudur. Həmin dövrdə belə bir addım atmaq, tələb irəli sürmək və istədiyinə nail olmaq böyük cəsarət tələb edirdi. Azərbyacan SSR-nin son Konstitusiyası 1995-ci il Konstitusiyası qəbul edilənədək qüvvədə qaldı.
Ümummilli Lider Heydər Əliyevin qəti qərarı ilə 1995-ci il Konstitusiyasının yaradılması üçün ciddi işlərə başlanıldı. Heydər Əliyevin rəhbərliyi altında komissiya təşkil edildi və referendum keçirildi. Referendum əsasında müstəqil tariximizdə ilk Konstitusiya qəbul edildi. Bu ölkəmiz üçün çox mühüm hadisə idi. Bununla Azərbaycan yenidən öz dövlətçilik ənənələrini bərpa etdi. Artıq hər hansı bir ölkənin qanunları əsasında deyil, öz qanunlarımız əsasında hər bir sahədə fəaliyyətimiz təşkil olunurdu. Azərbaycanın hazırda istifadə etdiyi Konstitusiya 12 fəsil, 5 bölmə və 158 maddədən ibarətdir.
Azərbaycan Respublikası Konstitusiyasının elə 1-ci maddəsində hakimiyyətin yeganə mənbəyinin xalq olduğu qeyd edilmişdir. Bu da hələ həmin dövrdə xalqımıza göstərilən diqqətin göstəricisidir. Yeni Konstitusiya demokratiklik, hüquqi və dünyəvilik prinsiplərinə əsaslanırdı. Burada vətəndaşların hüquq və azadlıqlarının, suverenliyimizin, müstəqilliyimizin qorunmasına xüsusi yer verilmişdi. Hər bir vətəndaş Konstitusiyada qeyd edilmiş qanunlara əməl etməli və hörmətlə yanaşmalıdır.
Azərbaycan Respublikasında yeni Konstitusiya qəbul edilərkən, beynəlxalq hüquq normaları, müqavilələr, Avropa Konvensiyası və bu kimi Azərbaycan dövlətinin tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsasən tətbiq edilir. Eləcə də dini, irqi, milli, etnik mənsubiyyətinə, mədəniyyətinə, sosial vəziyyətində fərqə baxmayaraq bərabərlik prinsipi Konstitusiyamızda əsas maddə olaraq qeyd edilir və bu maddədən irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət edilir.
Konstitusiya qəbul olunduqdan sonra bir neçə dəfə əlavə və dəyişikliklər edilmişdir. 2002-ci ildə referendum yolu ilə dəyişikliklər, 2009-cu ildə və 2016-cı ildə əlavə və dəyişikliklər edilmişdır. Bu da zamanın tələbindən irəli gələn yeniliklərin, dünyamızda, ölkəmizdə yaranan dəyişiklilərin, islahatların vətəndaşlarımız üçün də əl çatan olması, dünyada tətbiq olunan insan hüquq və azadlıqlarının bizim vətəndaşlarımızın yararlanması üçün tətbiq edilən yeniliklərdəndir. Xüsusi qeyd etmək istərdim ki, burada insan hüquq və azadlıqlarının qorunmasına önəmli rol oynayır.
Azərbaycan vətəndaşlarının təhlükəsiz şəraitdə, firavan, azad, ədalətli cəmiyyətdə, suveren, demokratik, hüquqi dövlətdə, bərabərhüquqlu əsaslarla, heç bir ayrı – seçkiliyə əsaslanmayan, qanunla təsbit edilmiş şəkildə yaşamaq hüququ var.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru

 

Seçilən
12
moderator.az

1Mənbələr