“Azərbaycan bütün tərəfdarları ilə bizi beynəlxalq izolyasiyaya məruz qoymağa çalışanlara qarşı səfərbər olunmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada Milli Məclisin deputatı, STM idarə heyətinin sədri Zahid Oruc deyib.
Z.Oruc qeyd edib ki, istər ABŞ-də, istərsə də Avropa birliyində Azərbaycanın çoxlu tərəfdarları var.
“Məsələn, Avropa Parlamentinin bütün 720 üzvünü şantajla iclasa dəvət etsələr də, 200-i tamamilə iclasa qatılmayıb, 89-u bitərəf qalıb, 31-i isə qətnamənin əleyhinə səs verib. Üst-üstə götürdükdə, 300-ə qədər deputat bizə qarşı aksiyada iştirak etməyib”.
Nəzərə çatdırıb ki, xarici siyasət idarəmiz və parlament diplomatiyamız məhz həmin deputatlarla işi gücləndirə bilər.
Millət vəkilinin sözlərinə görə, Macarıstan, Rumıniya, Bolqarıstan və digər iqtisadi tərəfdaşlarımızla Fransa və Almaniyanın ölkəmizə qarşı embarqo və sanksiya planlarının həmin dövlətlərə ziyan vuracağını onlara çatdırmalıyıq.
“Azərbaycanın yeni Parlamentində “Xarici müdaxilə və hibrid təhdidlərə qarşı komissiya”nın yaradılması-bu mərhələnin başlanğıcı olub, xarici müdaxilələrə cavab verilməsi, əks-tədbirlərin həyata keçirilməsi yönündə böyük potensiala malikdir”.
Mina Mikayılova