Müğənni, bəstəkar Murad Arif yerli telekanalları sərt tənqid edib.
Sfera.az bildirir ki, o, bu barədə dizayner Aynur Xəlilovanın “Hərşeyşünas” podkastında qonaq olarkən danışıb.
İfaçı qeyd edib ki, hazırda telekanallar söz və fikir azadlığı kontekstində azad deyillər və hər birinin senzurası var:
“Elə olmasa idi, sizin efirlərinizdə biz mütəmadi olaraq casarətlə məmur və nazirlərin tənqidləri ilə məşğul olduğunuzu görərdik. “Facebook”, “X” kimi sosial şəbəkələrdə hamı danışır, fikirlərini bildirir ki, məsələn, siz necə kanalizasiya sistemi düzəltmisiniz, körpünün altında gündüz vaxtı iki nəfər sudan boğulur… Hamımız bunu danışırıq, amma həmin o əyləncə mövzusunda idbarlığa qol qoyan efirlər bəzən bunu bir neçə saat və ya gün gec danışır. Bəzən isə belə şeyləri heç qeyd etmirlər. Deməli, sizin siyasi-sosial mövzuda “olmazlar”ınız, icazəniz və sərhədləriniz var. Xeyir ola, siz musiqi və əyləncə mövzusunda pornoqrafiyanı səhər, günorta, axşam 3 saat nümayiş etdirirsiniz. Bu imkanı kim yaradıb ki, efirinizin 70-80%-ni müğənnilərdən ibarət edirsiniz? Lisenziyanı verənlər, “get, efirin 80 faizini ancaq toy müğənniləri, onların qonorarları, ər davası, alt patlarları, savadsız fikirlərinə ayır?” deyir? Məgər bu şərtlərlə verilir lisenziya? Yox! Ona görə də, hər şeyi tamaşaçıların üzərinə atmayaq. Özümüzdə də məsuliyyət hissi yaradaq”.
M.Arif qeyd edib ki, ölkədə kanal sayı çoxdur. O həmçinin aparıcı kimi fəaliyyətini sonlandırmasının səbəblərini də açıqlayıb:
“İstənilən şəkildə televiziyanın senzurası var və bu da “Popumuz var” layihəsindən yan keçmədi, veriliş 1 ay yayımlandı. Sonra onlara dedim ki, "olarmı mən sizin dostunuz kimi qalım, gedirəm”. Amma bu gedişin digərlərindən fərqi var idi. Çünki bu dəfə kanal mənim üçün zövq və keyfiyyət baxımından problemli yer deyildi. Bu dəfə tərsmütənasiblik məni uzaqlaşmağa vadar etdi. Mənə söyləyirdilər ki, mümkünsə, daha çox sənətçilərlə müzakirələr edək. Kamran Həsənli, Turan İbrahimli və.s ilə olan buraxılışlarla bağlı problem yaratdılar və mən bunlara peşəkar yanaşdım. Yəni bu kanalın siyasi-sosial verilişləri var və “Popumuz var” verilişini bu formatda görmək istəmirdilər. Amma mən daxilən ora gedirəm. Verilişi yalnız əyləncə, hip-hop, rep, müğənnilərlə çərçivələmək istəmirəm, ona görə anladım ki, bunu “Youtube”da davam etdirsəm, daha doğru olar”.
Günay