İqtisad elmləri doktoru, professor Elşad Məmmədovun QHT.az-a verdiyi açıqlamaya görə, Azərbaycanın son illərdə həyata keçirdiyi sosial islahatlar ölkəmizi regional risklərdən və çağırışlardan qorumaqda mühüm rol oynayıb. Professor qeyd edib ki, dünya miqyasında, xüsusilə də Ukrayna münaqişəsi fonunda bir çox ölkələrdə sosial müdafiə sistemlərinin zəifliyi üzə çıxıb və bu, ciddi iqtisadi və sosial problemlər yaradıb.
"Azərbaycanda 2018-ci ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan struktur islahatları, əlillik təyinatında rəqəmsallaşmanın tətbiqi və şəffaf idarəetmə mexanizmləri nəticəsində bu sahədə mühüm uğurlara nail olunub. İslahatlar təkcə xərclərin azaldılması məqsədi daşımır; onların əsas məqsədi keyfiyyətin artırılması, şəffaflığın təmin olunması və sosial ədalətin gücləndirilməsidir," – deyə Məmmədov vurğulayıb.
O, əlavə edib ki, bu il ərzində 36 mindən çox şəxsə əlillik təyin olunub və 100 minə yaxın insan reabilitasiya xidmətlərindən faydalanıb. "Bu göstəricilər sosial siyasətin effektivliyini və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən mütərəqqi yanaşmanı əks etdirir," – deyə professor bildirib.
Pərvanə Fərhadqızı
QHT.az