AZ

Üzeyir irsini unutdurmayan kuklalar - Bakı Marionet Teatrı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda Marionet Teatrı 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranıb.
Oxu.Az xatırladır ki, teatrın binası 1880-ci ildə antik obraz və motivlərdən istifadə edilərək neoklassisizm üslubunda inşa olunub.
Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan bina Bakı zadəganlarından olan Səlimxanovlara aid olub. Tarixi binanın fasadında XIX əsrin sonuna xas olan klassik rus memarlığı elementlərindən və Avropa dekorlarından istifadə olunub.
Teatr 1988-ci il aprelin 20-də rəsmən təsis olunaraq Azərbaycan Teatr Xadimləri İttifaqı nəzdində fəaliyyət göstərməyə başlayıb.
Teatrın ilk tamaşası Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının marionet quruluşu olub. Onun premyerası 1990-cı ildə Fransada baş tutub. Üzeyir Hacıbəylinin yaradıcılıq irsi Marionet Teatrının repertuar siyasətini təşkil edir. Bu yanaşma teatrın yaradıcısı və bədii rəhbəri Tərlan Qorçunun konseptual ideyasından irəli gəlir. Hazırda teatrın səhnəsində Üzeyir bəyin iki əsəri əsasında səhnələşdirilmiş tamaşa göstərilir: "Arşın mal alan" (1913/1990) operettası və "Leyli və Məcnun" (1908/2016) operası. Eyni zamanda, bəstəkarın yaradıcılıq irsini təbliğ edən yeni marionet tamaşaları üzərində də iş gedir.
Üzeyir musiqisinin qüdrəti teatrın hər bir marionet kuklasında, dekorasiyalarda, aktyorların ifaçılıq tərzində öz əksini tapır. Məhz bunun sayəsindədir ki, teatrın tamaşaları, dilindən və yaşından asılı olmayaraq, hər bir kəs üçün anlaşıqlı və maraqlıdır. Fransa, Almaniya, ABŞ, Rusiya, Polşa, İsveçrə kimi ölkələrdə uğurla keçmiş çıxışlar teatrın beynəlxalq qastrol xəritəsində layiqli yer tutur.
1993-cü ildə Marionet Teatrı Bakı bələdiyyəsinin nəzdinə keçirilib, 2013-cü ildən isə "İçərişəhər" Baş İdarəsinin strukturuna daxil edilib. Daha əlverişli şəraitdə teatrın komandası öz səylərini "Leyli və Məcnun" tamaşasının quruluşuna yönəldə bilmişdi, 2016-cı ildə isə Marionet Teatrının tarixində ilk dəfə truppaya artıq öz səhnəsində çıxış etmək imkanı verildi.
PhotoStock.az-ın teatrdan hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Seçilən
15
oxu.az

1Mənbələr