AZ

Arvadı boşanmaq istəyən ər dava saldı — TƏFƏRRÜAT

Qazax rayonunda 2000-ci il təvəllüdlü Kənan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qayınatası Vahidə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Kənan boşanmaq üçün Qazax 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş həyat yoldaşı Məlahətin onu azyaşlı övladları ilə görüşdürməməsinə görə 25 yanvar 2024-cü ildə, saat 13 radələrində Qazax Rayon Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində, yetkinlik yaşına çatmayan şəxslərlə profilaktiki işin təşkili qrupunun inspektorunun xidməti otağının qarşısında qayınatası Vahid ilə mübahisə edib. 

Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Kənan sağ əli ilə iki dəfə Vahidin ağız nahiyyəsinə qəsdən zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Kənanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, ifadəsində göstərib ki, 2021-ci ildə Qazax rayon sakini Məlahət ilə evlənib, həmin evlilikdən 2 övladı dünyaya gəlib: 

“Sonradan yola getmədiyimiz üçün aramızda münasibətlərimiz pisləşdi. Həyat yoldaşım azyaşlı uşaqlarım ilə ata evinə getdi və geri qayıtmadı”. 

Kənan qeyd edib ki, yanvarın 25-də arvadı ilə boşanmağı ilə əlaqədar Qazax rayonunda yerləşən medasiya təşkilatında görüşüb: 

“Lakin həmin vaxt mənə uşaqlarım ilə görüşməyə qoymadı. Mən mediasiya təşkilatından çıxdıqdan sonra uşaqlarım ilə görüşmək üçün Qazax Rayon Polis Şöbəsinə gəldim və bu barədə şifahi müraciət etdim. Yetkinlik yaşına çatmayan şəxslərin işləri üzrə inspektor olan polis əməkdaşı arvadımın ailə üzvlərinə zəng vurdu, onları polis şöbəsinə dəvət etdi. Həmin gün saat 13 radələrində mən Məlahət və azyaşlı uşaqlarım ilə şöbənin birinci mərtəbəsində yerləşən polis əməkdaşının otağında görüşdük. Həmin vaxt polis əməkdaşı otaqda olub. Atam Eldar uşaqlara şirniyyat almaq üçün mağazaya getdi. Anam Sima və qardaşım Zakir, qayınatam Vahid və qaynanam Səidə isə həmin otağın qabağında gözlədi. Otaqda uşaqlarım ilə görüşdüm. Məlahət ilə danışaraq böyük qızım Əminəni özüm ilə aparmağıma icazə verməsini xahiş etdim. Məlahət razılaşmaq istəsə də, qayınanam Səidə bir neçə dəfə otağın qapısını açaraq Məlahəti çağırmağa başladı, evə getməli olduqlarını bildirdi”.

Kənan bildirib ki, daha sonra qızı Əminəni qucağına alıb və hava almaq üçün otaqdan çıxaraq şöbənin həyətinə getmək istəyib: 

“Mən otaqdan çıxdıqdan sonra qayınatam Vahid və qaynanam Səidə səs-küy saldı, uşağı qaçırtdığımı dedilər. Qayınatam mənə tərəf gələrək boğazımdan sıxdı, uşağı almaq istədi. Həmin vaxt qardaşım Zakir qayınatam Vahidi və məni aralaşdırmağa çalışdı. Mən sağ əlim ilə qayınatam Vahidin ağız nahiyəsindən itələyərək onu özümdən uzaqlaşdırmaq istədim. Bu zaman mənim əlim qayınatamın ağzına dəydi. Bundan sonra bir neçə nəfər polis əməkdaşı bizi ayırdılar. Əməlimdən peşmanam. Vahid ilə barışmağa cəhd etsəm də, Vahid mənimlə barışmayıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vahidin sözlərinə görə, qızı Məlahət Kənanla evləndikdən sonra Mingəçevir şəhərində onun atası evində yaşayıb: 

“Son vaxtlar onların ailəsində narazılıq və söz-söhbət olduğundan qızım artıq hadisədən əvvəl 4 aydır ki, Qazax rayonunun kəndindəki evimdə yaşayır. Qızım boşanma ilə əlaqədar Qazax Rayon Məhkəməsinə müraciət etdi. Yanvarın 25-də, saat 11 radələrində arvadım və qızım Qazax şəhərində məhkəmə binası yaxınlığında olan Mediatorun yanında oldu, kürəkənim Kənan və ailə üzvləri də gəldi. Orada həm qızım, həm də Kənan boşanma barədə ərizəni təsdiq etdilər ki, boşanma ilə əlaqədar sənədlər məhkəməyə təqdim olunsun. Mən və ailə üzvlərim oradan çıxaraq evimizə getdik”. 

Zərərçəkmiş qeyd edib ki, həmin gün saat 13 radələrində Qazax Rayon Polis Şöbəsində azyaşlılar üzrə inspektor işləyən polis əməkdaşı ona zəng vurub: 

“Həmin polis əməkdaşı polis şöbəsinə gələrək narahatçılıq yaratdığını, müharibə iştirakçısı olmasını, mənim uşaqlarını ona göstərmədiklərini deməsi ilə bağlı bizi polis şöbəsinə dəvət etdi. Mən arvadım Səidə, qızım Məlahət və mənim iki azyaşlı uşaqları ilə polis şöbəsinə gəldik. Şöbənin birinci mərtəbəsində olan azyaşlılar üzrə inspektoru polis əməkdaşının xidməti otağına daxil olduq. Polis əməkdaşının otağında kürəkənim Kənan, qardaşı Zakir, atası Eldar, anam Sima da olub. Biz uşaqları verdik, kürəkənim öz uşaqları ilə görüşdü. Bir yaşlı nəvəm Dərya arvadım Səidənin qucağında olub. 

Böyük nəvəm Əminəni isə atası Kənan qucağına aldı. Sonra biz otaqdan çıxaraq dəhlizdə dayandılar. Kənan, böyük uşaqları Əminə və qızım Məlahət isə otaqda oldular. Kənan və qızım ər-arvad söhbət etdiklərinə görə biz dəhlizdə gözlədik. Həmin vaxt otaqdan qızım Məlahətin səsi gəldi. Qapını açanda qızım Məlahət  mənə “ay ata Kənan uşağı aparmaq istəyir, qoyma aparsın” - deyə qışqırdı. Bu zaman Kənan uşaq qucağında otaqdan çıxanda mən həmin otağın giriş qapısının qarşısında, dəhlizdə onu qarşıladım. Kənana “nə qədər istəyirsən, uşağınla şöbədə görüş, amma uşağı sənə verməyəcəyəm” – deyərək onun üstünə getdim. 

Uşağı almaq istəyəndə Kənan sol əlində uşağı tutmaqla sağ əli ilə sifətimə iki dəfə dalbadal zərbə vurdu. Zərbələr mənim ağzıma dəydi. Zərbələrin təsirindən dişim sındı, ağzım qanadı. Mən özümü itirdim. Kənan bundan istifadə edərək dəhlizdəki qapıdan çölə çıxdı. Uşaq qucağında qaçaraq getmək istəyəndə pilləkənlərdə polis əməkdaşları onu tutaraq saxladı və uşağı ondan aldılar”. 

Bu cinayət işinə Qazax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kənan aylıq qazancından dövlət nəfinə 05 faiz məbləğində pul tutulmaqla 2 ay müddətə islah işləri cəzasına məhkum edilib.


Fariz Məlikli
Demokrat.az
Seçilən
18
demokrat.az

1Mənbələr