AZ

İdxala qadağa: Quş əti bahalaşacaq?

Fransa, Lixtenşteyn, İtaliya, Rumıniya və Avstriyanın bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransanın Yeni Akvitanya regionunda, Lixtenşteynin Şan, Mauren, Balçers şəhərlərində blutanq, Avstriyanın Aşağı Avstriya ştatında, İtaliyanın Friuli-Venesiya-Culiya regionunda, Rumıniyanın Tulçа kantonunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Ölkə ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Yeni Akvitanya regionunda və Şan, Mauren, Balçers şəhərlərində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Aşağı Avstriya ştatında, Friuli-Venesiya-Culiya regionunda və Tulçа kantonunda xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bəs, bu amillər ölkədə quş ətinin qiymətinə necə təsir edəcək?      

Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a açıqlamasında söyləyib ki, istənilən halda idxala tətbiq edilən məhdudiyyətlər daxili bazarda qiymətlərə öz təsirini göstərir:                    

"Lakin qeyd edilən ölkələrdə quş qripinin aşkar edilməsi və oradan Azərbaycana quş ətinin idxalı ilə bağlı qadağalar daxili bazarda qiymətlərin bahalaşmasına səbəb olmayacaq. Azərbaycanda hər il 130 min tona yaxın quş əti istehlak edilir. Bunun 50 min tona yaxını daxili istehsal hesabına ödənilir. Yerdə qalan 40 min tonu xarici ölkələrdən idxal olunur. Quş əti idxal olunan ölkələrin siyahısında birinci yerdə Brazilya dayanır. Daha sonra Rusiya, Türkiyə və Ukrayna əsas yer tutur. Adıçəkilən ölkələrdən isə Azərbaycana quş əti idxalın 4-5 faizini təşkil edir. Həmin göstəricinin içərisində Belçika və İtaliya daha mühüm yer tutur. Lakin bu da böyük göstərici deyil. Bir sözlə, həmin ölkələrdən idxala  qoyulan qadağa quş əti qiymətlərinin bahalaşmasına səbəb olmayacaq".
Seçilən
41
sherg.az

1Mənbələr