AZ

Evlərə istilik əvəzinə ölüm gətirən İran sobaları - XƏBƏRDARLIQ

Havalar soyumağa başlayıb və vətəndaşlar qızdırıcı qaz sobaları almaq üçün bazarlara üz tutmağa başlayıb. Son illər Azərbaycan bazarında "İran peçi" adlanan sobalara maraq çoxalıb. Əhatə etdiyi ərazidən asılı olaraq sobaların qiyməti 200-400 arasında dəyişir. İkinci əl bazarlardan daha ucuz qiymətə bu sobalardan tapmaq mümkündür. 

 

İran sobalarının istifadə edildiyi evlərdə dəm qazından boğulanlar barədə xəbərlər də artmaqdadır. Mövzu ilə bağlı Modern.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, "İran peçi" yaxud digər qaz sobalarını alarkən onun məişət sertifikatının olmasına diqqət etmək vacibdir:

 

“Sobanın sertifikatı olandan sonra onun quraşdırılması, istismarı mütləq təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilməlidir. Dəm qazının yaranmaması və qazsızma baş verməməsi üçün vacibdir. Ona görə də mütləq qaydada qaz sobası quraşdırılan otaqlarda tüstü bacası işlək vəziyyətdə olmalıdır. Tüstü bacasının özü də standartlara cavab verməlidir. Bir neçə otaqdan keçən, deşik və çat olan bacalarda əlbəttə yanma prosesi pozulacaq və nəticədə dəm qazı əmələ gələcək".

 

Ekspertin sözlərinə görə, belə sobaların olduğu otaqlarda mütləq dəm qazı əleyhinə dedektor olmalıdır:

 

“Əgər dedektor yoxdursa, əlbəttə dəm qazı əmələ gələndə həmin otaqda olan insanların həyatı təhlükədə olacaq. Ona görə də mütləq qaydada soba quraşdırılan otaqda dedektor quraşdırılmalıdır. Dedektorun işi olduqca funksionaldır, dəm qazı qeydə alındıqda səs siqnalı vasitəsilə xəbərdarlıq edilir”.

 

E.Nurəliyev sonda qeyd edib ki, sertifikasiyaya cavab verən sobadan istifadə edilsə belə, istismarı və quraşdırılması zamanı istismar qaydaları pozulacaqsa, tüstü bacası işlək vəziyyətdə olmayacaqsa, yenə də dəm qazının əmələ gəlmə ehtimalı var: “Ona görə də normativlərə və təhlükəsizlik tələblərinə əməl edilməlidir. Sobaların quraşdırılması zamanı da ixtisaslaşmış müəssisəyə müraciət etmək lazımdır. Qonşu bu işi bilir, qohumun başı çıxır deyərək peşəkar olmayan şəxslərin bu işi görməsinə yol verilməməlidir. Belə olan halda bu tipli sobaların yarada biləcəyi təhlükələrdən qorunmuş olarıq”.

 

 

Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, bəzi yaşayış evlərində, eyni zamanda MTK-lardakı mənzillərdə dedektorların quraşdırılmasına ciddi yanaşılmalıdır: “Əks təqdirdə həmin fərdi yaşayış evlərinin eyni zamanda MTK-ların qazla təminatı mümkün olmayacaq”, - o, İTV-yə deyib.

 

Qaz dedektorlarının qiymətinə gəldikdə isə bu cihazlar 18-22 manat arasında dəyişir.

Seçilən
16
modern.az

1Mənbələr