AZ

"Qadın makiyajsız ola bilər, amma mütləq..." - Tanınmış aktrisa

“Sağlam qidalanmaya çox fikir verirəm. Yeməkləri qarışdırmaram və qədərində yeyərəm. Ziyanlı qidaları özümdən uzaqlaşdırmağı bacarıram.”

Bunu Teleqraf.com-a aktrisa Rada Nəsibova deyib.

Həmişə baxımlı, yaxşı görünməyin tərəfdarı olan aktrisa qadının təmizliyə çox önəm verməli olduğunu bildirib: “Mənə görə qadın makiyajsız ola bilər, amma mütləq təmiz olmalıdır. Qadından həmişə gül qoxusu gəlməlidir”.

Səhnə üçün hər zaman formada olmağa səy göstərdiyini deyən aktrisa mütamadi idmanla məşğul olduğunu, dərisinə qulluq etdiyini deyib: “Müxtəlif səpkili rolları oynamaq istəyirsənsə, daim özünü formada saxlamalısan”.

O qeyd edib ki, tarixi qadın obrazlarını canlandırmağı sevir:

“Mərdliyi, cəsarəti ilə tarixdə öz sözünü deyən qadın rolları oynamaq istəyirəm. Amma çox vaxt taleyi parçalanan, əzilən qadınları oynamağı təklif edirlər”.

“Xoşbəxt qadınsınızmı” sualına isə aktrisa “Xoşbəxtlik insanın öz əlindədir” deyə cavab verib: “Bilirsiniz, mən qadın kimi xoşbəxtliyimi kimdəsə axtarmıram. Özümə çox dəyər verirəm və düşünürəm ki, bu belə olmalıdır, hər səhər yuxudan duranda bu həyata, bu enerjimə, mənə verilənlərə görə Allahıma sonsuz təşəkkür edirəm.

Zamanla insan həyata dair çox xırdalıqları öyrənir, daha da durulur. Nələrisə tələsik etməyə yox, axarına buraxmaqdan yanayam artıq. O mənada deyirəm, xoşbəxtlik insanın özündən asılıdır. Həyata hansı bucaqdan baxmağından, şikayəti buraxıb daha çox şükür etməyindən...”


Müəllif: Nərmin
Seçilən
23
1
teleqraf.com

2Mənbələr