AZ

FED bu həftə faizləri endirəcək - "Yaho Finance"ın təhlili

İnvestorların fikrincə, "Federal Ehtiyat Sistemi"nin (FED) sədri Cey Pauel 25 baza bəndi dərəcəsində faiz azaldılması planını davam etdirəcək. Bunu dəstəkləyən əsas amillər arasında inflyasiyanın yüksək qalması və iş bazarının qarışıq siqnallar verməsi də var.

"Bu həftə keçiriləcək FOMC (Federal Açıq Bazar Komitəsi) toplantısında qərar qəbul etmək nisbətən asan olacaq," – "JPMorgan Chase"-in baş iqtisadçısı Maykl Feroli bildirib. O, faiz azaldılmasının hələ də əsaslı səbəblərə dayandığını qeyd edib.

Bu, müzakirələrin asan keçəcəyi demək deyil. FED siyasətçiləri iqtisadiyyatdakı güclü artımı, davamlı inflyasiyanı, hava şəraiti və işçi tətilləri ilə pozulmuş iş bazarını nəzərə alaraq ətraflı təhlil aparmalı olacaqlar. Komitədə faiz azaldılmasını dəstəkləyənlər, qarşı çıxanlar və ya gələcək azalmaların ehtiyatla həyata keçirilməsini vurğulayanlar arasında müzakirələrin yaranacağı gözlənilir.

FED müşahidəçiləri Pauelin sentyabrda edilən böyük azalmadan sonra daha kiçik faiz azalmasına dair ortaq mövqe yaradacağını düşünürlər. "FED sədri Pauelin bir daha ehtiyatlı monetar siyasətin tərəfdarı kimi çıxış edəcəyini gözləyirik," – "EY"-in ( Ernst & Young ) baş iqtisadçısı Qreqori Dako bildirib.

Bazarda gözləntilər

Treyderlər də bu gözləntiləri dəstəkləyir və faiz azaldılmasının 25 baza bəndi dərəcəsində olacağını təxmin edirlər. FED sentyabr ayında ilin qalan hissəsində daha iki kiçik faiz azalması olacağını proqnozlaşdırmışdı.

"Federal Ehtiyat Bankı"nın keçmiş prezidenti Ester Corc noyabrda pauza verməyin çətin qərar olacağını vurğulayıb. O, FED-in bu toplantını atlasa, buna dair aydın bir izahata ehtiyac duyulacağını qeyd edib. Corc bu həftə 25 baza bəndi faiz azaldılması gözləyir və Pauelin bunu iqtisadiyyatı güclü saxlamaq məqsədilə etdiyini açıqlayacağını düşünür. 

Çətinliklər

FED üçün əsas çətinliklərdən biri son inflyasiya göstəriciləridir. Yaxşı xəbər odur ki, sentyabr ayında fərdi istehlak xərcləri (PCE) indeksi illik 2,1% artımla FED-in 2%-lik hədəfinə yaxınlaşıb. Lakin FED yüksək volatilliyə malik qida və enerji qiymətlərini çıxaraq "əsas" inflyasiyaya üstünlük verir, bu göstərici isə 2,7%-də sabit qalıb və ardıcıl üç ay azalmayıb.

Bəzi FED üzvləri üçün bu vəziyyət gələcək faiz azalmalarının ehtiyatla davam etdirilməsi zərurətini gündəmə gətirir. İqtisadçı Mişel Boumen inflyasiyanın hələ tam nəzarətdə olmaması səbəbilə sentyabr azalmalarına qarşı çıxmışdı.

İş bazarındakı son məlumatlar da müzakirələrdə mürəkkəblik yaradır. İki qasırğa və "Boeing" tətili səbəbindən oktyabrda cəmi 12 min iş yeri açılıb, işsizlik dərəcəsi isə 4,1%-də sabit qalıb. Müvəqqəti olaraq zəifləyən məşğulluğun, növbəti aylarda yenidən artacağı gözlənilir.

"Comerica Bank" baş iqtisadçısı Bill Adams iş bazarının oktyabrda qısamüddətli şoklarla üzləşdiyini, amma sentyabr göstəricilərinin artımda yavaşlama işarələri verdiyini deyib. "Uilmington Trust"dan Lyuk Tilli isə işsizlik iddialarının sabit olduğunu və daimi ixtisar əlamətləri olmadığını bildirir.

FED müşahidəçiləri, noyabrda faiz azalması və dekabrda pauza gözləyir, beləliklə, FED rəsmilərinin iqtisadi artımı təxminən 3% templə qoruyaraq, faiz azalması proqnozlarını yavaşlatma ehtimalının daha güclü olduğunu qeyd edirlər. 

"FED görüşündə səsvermələrdə qərarların başa çatması üçün zaman tələb olunur," – Tilli bildirib. "Onlar sadəcə azalma qərarını verib əlavə şərh etməməyi düşünürlər".

Jennifer Schonberger
Tərcümə: Aydın, Valyuta.Az

Seçilən
19
valyuta.az

1Mənbələr