Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü və prinsipial siyasət Azərbaycanın milli maraqlarını qorumaq, beynəlxalq nüfuzunu artırmaq və dayanıqlı inkişafı təmin etmək məqsədini daşıyır. Bu siyasət çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, iqtisadi inkişafı və regional güc mərkəzinə çevrilməsi əsas prioritetlər olaraq önə çıxır.
Xüsusilə ölkəmizin başçısının prinsipial siyasətinin ən bariz nümunələrindən biri, Qarabağ münaqişəsinin həlli və torpaqların işğaldan azad olunması üçün göstərdiyi qətiyyət və ardıcıl mübarizədir. Onun rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünü bərpa etdi. Bu prosesdə Prezidentin qətiyyətli mövqeyi sonrakı tarixi Qələbələrimizin başlanğıcını qoydu. Belə ki, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-da həyata keçirdiyi birgünlük lokal- antiterror tədbirləri nəticəsində separatçı və terrorçu xunta birdəfəlik ləğv olundu. Nəticədə Azərbaycan dövləti suverenliyini tamamilə bərpa etdi.
Prezident İlham Əliyevin «44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi» sözləri Vətən müharibəsindəki uğurlu hərbi strategiyanın və ordunun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu göstərirdi. Eyni zamanda, bu, azərbaycanlı igidlərimizin göstərdikləri qəhrəmanlıqların və fədakarlıqların təcəssümü idi. Ordumuzun Vətən müharibəsindəki ən böyük Qələbəsi isə Şuşa şəhərinin azad edilməsi idi. Məhz noyabrın 8- də keçilməz sərt qayaları aşan igidlərimiz qanı və canı bahasına 28 il işğaldaa qalan müqəddəs şəhərimizi azad etdi. Həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə Zəfər günü kimi qeyd edildi.
Artıq bir neçə ildir ki, Zəfər Günü Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsinin yad edildiyi və xalqın birlik və qürur hissi ilə keçirdiyi bir gündür. Bu tarix həm də Azərbaycan Ordusunun gücünü, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasətini, xalqın Vətən sevgisini və birliyini əks etdirir. Bir sözlə, Zəfər Günü adi bayram deyil, həm də xalqımızın ləyaqət və özünəinamının bərpası tarixidir.
Məhz bu tarixi Qələbə xalqımızın milli dəyərlərə söykənən geniş potensialını üzə çıxardı. Aydın oldu ki, ölkəmiz müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan bir Sərkərdə və vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Onların sarsılmaz birliyi iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni (erməni avantürasını və işğallarını) «Dəmir yumruğ»un zərbəsi ilə cəmi 44 günə birdəfəlik həll etdi. Xüsusilə BMT-nin Ermənistan hərbi qüvvələrinin işğalı ilə bağlı icra olunmayan dörd qətnaməsini məhz şanlı Azərbaycan Ordusu hərbi yolla icra etdi.
Ən önəmli məsələ isə odur ki, Vətən Müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da genişləndirdi. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini Azərbaycanın qüdrətini qəbul etmək kimi danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Amma məhv edilən sadəcə Ermənistan hərbi texnikası deyil, həm də dünya erməniliyinin mənfur ideologiyası idi. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinə imkan vermədi.
Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Dövlət başçımızın amalı işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun şəkildə bərpa etmək və qısa müddət ərzində soydaşlarımızı öz dədə-baba yurdlarına yerləşdirməkdir. Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, bu işi Azərbaycan dövləti öz resursları hesabına həyata keçirir. Prezidentimiz Qarabağa səfərlər zamanı əsas diqqəti həm də erməni vandalizminə məruz qalmış tarixi mədəniyyət abidələrimizin bərpasına yönəldir. Azad edilmiş ərazilərə səfərləri ilə ölkəmizin başçısı öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Qurulan infrastruktur, salınan müasir qəsəbələr, tikilən xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, o cümlədən məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər… Bütün bunlar həm Qarabağı, həm də Şərqi Zəngəzuru əsl Gülüstana çevirib.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri