AZ

Mahir Emreli: “Komandamla fəxr edirəm”

Almaniyanın “Nürnberq” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli komandasının azarkeşlərinə müraciət ünvanlayıb.

Arena.az xəbər verir ki, “Nürnberq” ötən gecə Almaniyanın İkinci Bundesliqasının 11-ci turu çərçivəsində qarşılaşdığı “Hamburq”la heç-heçə edib – 1:1.

27 yaşlı hücumçu matçdan sonra “İnstagram” hesabında almanca paylaşım edib. Sözügedən qarşılaşmada fərqlənən forvard fanatlara təşəkkür edib:

“Sizi daha da sevindirmək üçün qələbə qazansaydıq, şad olardıq. İndi diqqətimiz növbəti oyundadır. Mən komanda ilə fəxr edirəm”.

Qeyd edək ki, bu qarşılaşmanın 63-cü dəqiqəsində Mahir Emreli komandasına 1 xalı qazandıran qola imza atıb. Forvard bununla “Nürnberq”in heyətində ardıcıl 4-cü matçda qol vurub.

Kloze “Nürnberq”in hücumçularından narazıdır

Yeri gəlmişkən, “Nürnberq”in baş məşqçisi Miroslav Kloze də İkinci Bundesliqanın 11-ci turunda qarşılaşdıqları “Hamburq”la səfər oyununu dəyərləndirib. 46 yaşlı mütəxəssis bu matçda çoxlu qol şansları əldə etdiklərini bildirib. O, Emrelinin də yer aldığı hücum xəttindən narazılığını dilə gətirib:

“Güclü komandaya qarşı sərgilədiyimiz oyuna görə komandamla fəxr edirəm. Ancaq hücumçularımızın yaranan şansları əldən vermələrindən narazıyam. Əgər qol vurmaq üçün bu qədər imkan qazanırsınızsa, bunları düzgün qiymətləndirib qələbə qazanmalısınız. Ancaq yenə də 1 xala görə razıyam. Bu, düzgün yolda olduğumuzu göstərir. Komandamızı yenidən izləmək əyləncəli oldu”.

Qeyd edək ki, “Nürnberq” 12-ci turda noyabrın 8-də “Kayzerslautern”lə üz-üzə gələcək.

Xorvatlar Mahirə görə təəssüflənirlər?

Bu arada Xorvatiyanın “İndex” nəşri “Nürnberq”də ardıcıl qollar vuran Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda yazı hazırlayıb. Xorvatlar Zaqreb “Dinamo”sunun sabiq üzvünün hazırda “Nürnberq”də fantastik oynadığını yazıb:

“O, 2-ci Bundesliqanın 11-ci turunda “Hamburq”la səfər matçında (1:1) bərabərlik qolunu vurub. Bu, Emrelinin qol vurduğu ardıcıl dördüncü oyundur. “Dinamo”nun keçmiş hücumçusu Almaniyada fantastik formada oynayır”.

Yazıya “Dinamo” onu siyahıdan silib, pulsuz buraxdı. O, indi Almaniyada qarşısıalınmazdır” başlığı verilib. “Dinamo” bu yay Emreli ilə müqaviləyə xitam verdiyi üçün o, avqustda azad agent kimi Almaniyaya yollanıb.

Həmçinin, “Dinamo”nun maaşı yüksək olan bəzi futbolçulardan yaxa qurtarmaq istədiyi üçün Mahiri komandadan kənarlaşdırdığı qeyd olunub: “Emreli “Dinamo”ya 2022-ci ilin fevralında “Legiya”dan azad agent kimi gəlib. O, mövsüm üçün 750 min avro maaşla 4 illik müqavilə imzaladı ki, bu da futbolçunu komandada ən yüksək maaş alanlardan birinə çevirdi. O, “Dinamo”nun heyətində 47 oyun keçirib və 10 qol vurub, 5 məhsuldar ötürmə edib. “Nürnberq”də isə bütün yarışlarda 7 oyunda 4 qol vurub”.

Seçilən
20
9
arena.az

10Mənbələr