AZ

Parisin qanlı siması və ya Anadoluda Fransanın ermənilərin əli ilə törətdiyi vəhşiliklər və etnik təmizləmə siyasəti

Belə bir aforizm var: “Tarix pis şagirdləri olan ən yaxşı müəllimdir”. Bu kəlam Fransanın öz geosiyasi məqsədləri naminə dəfələrlə istifadə etdiyi, yekunda isə aldadaraq kənara atdığı ermənilərə daha çox aiddir.

Paris müasir Ermənistanı aktiv şəkildə silahlandırır və bu əsnada 1919-1922-ci illərdə baş vermiş hadisələri xatırlamamağa üstünlük verir; o zaman fransızların silah-sursatla təmin etdiyi çoxminlik erməni quldur dəstələri Anadolunun cənubunda etnik təmizləmə aparıblar, amma son nəticədə Fransa onları aldadıb və həmin qatillər tələm-tələsik Yaxın Şərqə qaçıblar.

Türk xalqının bölgənin etnik tərkibini dəyişmək üçün fransızların Anadoluya köçürdükləri 100 mindən çox ermənini də özü ilə aparan Fransa qoşunlarını işğal altındakı Adana və ölkənin ətraf rayonlarından geri çəkməyə məcbur etməsindən 102 il ötür.

Türkiyəli tarixçi və publisist Yusuf Delikoca AZƏRTAC-ın müxbirinə bildirib ki, Fransa silahları ilə silahlanmış və Parisin işğalçı administrasiyasının dəstəyi ilə qırğınlar törədən erməni quldur dəstələri bir neçə il Çukurova bölgəsinin əhalisini terrora məruz qoymuş, vaxtaşırı kütləvi cinayətlər törətmişlər.

Y.Delikoca qeyd edib ki, Adana şəhərinin yerləşdiyi Çukurova ərazisi 1918-ci ilin sonunda Mondros sülh müqaviləsinin şərtlərinə uyğun olaraq Fransanın nəzarətinə keçib. Bölgədə möhkəmlənmək istəyən fransızlar etnik erməniləri kütləvi şəkildə nəzarət etdikləri ərazilərə yerləşdirməyə, onlardan cəza dəstələri yaratmağa başlayıblar.

Türkiyəli tarixçi əlavə edib: “Paris erməniləri fəal şəkildə silahlandırır, onlara bütün Çukurova bölgəsində “Ermənistan” yaradacağını vəd edirdi. Fransızlar Anadoludan çıxsalar belə, ermənilərin qondarma dövlətindən Türkiyə ilə Yaxın Şərqin ərəb xalqları arasında “bufer zona” kimi istifadə edə biləcəklərini də hesab edirdilər”.

Onun sözlərinə görə, Parisin planlarına ciddi maneə ermənilərin hər zaman azlıq təşkil etdiyi Anadolunun cənubunun etnik komponenti olub. Buna görə də fransızlar Yaxın Şərqdən ermənilərin kütləvi şəkildə Adanaya, Antepə və Maraşa köçürülməsini təşkil etdilər və orada “Ermənistan” adlı bir marionet “dövlət” yaratmağı planlaşdırdılar.

Bundan əlavə, türk xalqının partizan mübarizəsini yatırmaq ümidi ilə Fransanın koloniyaları - Tunis, Əlcəzair və Seneqaldan silahlı dəstələr Anadoluya köçürülməyə başladı.

Y.Delikoca bildirib: “1920-ci ilə qədər Parisin nəzarətində olan Anadolu bölgələrində silahlı ermənilərin sayı 10 minə çatırdı və onların bir qismi fransız ordusunun mundirində idi. Ermənilər kəndləri yandırmağa, dinc əhalini qırmağa başladılar. Fransa administrasiyası qanlı cinayətləri hər vəchlə ört-basdır edib”.

Ermənilər yerli türklərin bir hissəsini Kozan bölgəsində çörək sobalarında diri-diri yandırıblar.

AZƏRTAC-ın müxbiri Adananın Yeşiloba rayonunda yerləşən və 1920-ci il iyunun 11-də ermənilər tərəfindən növbəti qətliamın törədildiyi “Kahyaoğlu” fermasının yerində yaradılmış muzeylə tanış olub.

Muzeyin direktoru Ali Kamal Şan bildirib ki, həmin gün erməni dəstəsi onlarla türkü fermaya yığıb: 43 kişi, 21 qadın və naməlum sayda uşaq bıçaqlanaraq öldürülüb. “Arxiv sübutları göstərir ki, ermənilər qızıl-zinət əşyalarını mənimsəmək üçün qətlə yetirilən qadınların qulaqlarını kəsiblər”, -deyə o qeyd edib.

İllər sonra Adana rəhbərliyi ermənilərin fransızların fitvası ilə törətdiyi cinayət yerini muzeyə çevirmək qərarına gəlib.

Ali Kamal Şanın sözlərinə görə, kompleksdə miniatür fiqurlar vasitəsilə türk könüllü dəstələrinin fransız işğalçılarına və erməni quldur dəstələrinə müqavimət dövrünün nəql olunduğu otaq da yaradılıb.

Muzeyin direktoru onu da bildirib ki, həlak olanların qalıqları “Kahyaoğlu” fermasından yaxınlıqdakı Küçükdikili kəndinə aparılıb, orada ümumi məzarlıqda dəfn edilib, gələcək nəsillərin bu hadisələri xatırlaması məqsədilə burada abidə ucaldılıb.

Adanada törədilən vəhşiliklərin şahidlərinin övladlarının AZƏRTAC-a bildirdiyinə görə, ermənilərin qanlı cinayətləri o həddə çatıb ki, Mustafa Kamal Paşa (Atatürk) Fransa administrasiyasının başçısı general Jozef Etyen Quraya teleqraf göndərilməsi əmrini verərək xəbərdarlıq edib: “Ermənilərin vəhşilikləri dayanmasa, o zaman baş verə biləcək hadisələrin nəticələrinə görə məsuliyyət sizin üzərinizə düşəcək”.

Buna baxmayaraq, Çukurovada türklərə qarşı qırğınlar davam edirdi. Artıq 1920-ci il iyunun 12-də ermənilər Yüreğir bölgəsində 150 türkü qətlə yetiriblər. Eyni sayda dinc sakin də yaralanıb.

Həmin günlərdə ermənilər Çotlu kəndində 5 çobanın gözünü çıxarıb, 1920-ci il iyunun 15-də isə Cəmili və Dedepınar kəndlərində ən azı 175 nəfəri qətlə yetiriblər.

Bütün bunlar yerli türkləri 1920-ci il iyulun 10-da Cənubi Anadolunun dağlıq bölgələrinə kütləvi köçə başlamağa məcbur edib. Bu hadisələr tarixə “Kaç-kaç” adı ilə düşüb və əhali bugünədək 10 iyulu “Adananın qara günü” adlandırır.

Bu şəhərin sakinləri birmənalı şəkildə bildirirlər ki, 1919-1922-ci illərdə ermənilərin törətdiyi vəhşiliklərin miqyası Xocalı soyqırımı ilə müqayisə oluna bilər.

Atatürkün rəhbərliyi ilə türk xalqının Milli Azadlıq Mübarizəsinin iştirakçılarının bir sıra qələbələri sonda fransızları Anadolunun cənubunu tərk etməyə məcbur etdi. Müvafiq razılaşma 1921-ci il oktyabrın 20-də əldə edildi və artıq 1922-ci il yanvarın 5-də sonuncu fransız əsgəri Adanadan çıxarıldı.

Fransızların “Ermənistan” yaratmaq vədlərinin yalan olduğunu və qanlı əməllərinə görə cavab verməli olduqlarını anlayan ermənilər də işğalçılarla qoşularaq Yaxın Şərqə qaçıblar.

Bir əsrdən artıq müddətdən sonra Ermənistan yenidən Fransaya arxalanır və Parisin öz maraqlarına yaranacaq ilk təhlükədə “sadiq erməniləri” kənara atacağını unudur.

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr