Ərəbəsilli məşhur almaniyalı keçmiş futbolçu Sami Xedira futboldan sonra məşğul olduğu cari fəaliyyətindən həvəslə söhbət açıb.
Arena.az “DerbyDerbyDerby” italyan dərgisinə istinadən məlumat verir ki, Xedira butslarını asılqandan asdıqdan sonra, futbolətrafı dünyada küllənməkdənsə, fəaliyyət istiqamətini kökündən tamamilə dəyişmək qərarına gəlib.
Hazırda, keçmiş futbolçu qəhvə istehsalı ilə məşğul olduğunu bildirib:
“Biz sadəcə qəhvə istehsal etmirik, içkinin tarixini də çatdırırıq. Bu işdə ən çətini nə idi? Bir strategiya seçimi. Biz hər bir şəhərdə müəyyən bir qəhvə növünü satırıq”, deyə Xedira vurğulayıb.
Əlavə edək ki, Xedira əslən tunislidir. Xediranın atası Lazar tunisli, anası Doris isə almandır. Ərəb dünyasında qəhvə mədəniyyətini yerini nəzərə alsaq, Xediranın bu sahədə işə baş vurması təəccüblü deyil.
Sami Xedira futbolçu karyerası ərzində “Ştutqart”, “Real”, “Yuventus” və “Herta”da çıxış edib, həmçinin Almaniya yığmasının uğurları üçün çalışıb.
Xedira “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatını qalibi olub. Xedira həmçinin klub səviyyəsində çoxsaylı qənimətlər qazanıb.