AZ

"Tramp ermənilərdən istifadə edir" - Politoloq

"Tramp "erməni kartı"ndan öz məqsədləri üçün istifadə etməyə çalışır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ-da prezidentliyə namizəd Donald Trampın Kilikiya katolikosu I Aramla telefon danışığında Qarabağ ermənilərinə dəstək ifadə edən fikirlərini şərh edərkən deyib.

"ABŞ seçkilərində tərəfdaş cəlb edilməsi prosesi ermənilərsiz mümkün deyil. Tramp da bundan istifadə edir. Tramp ermənilərə ciddi baxsaydı, 2016-2020-ci illərdəki hakimiyyəti dövründə onların hər bir ABŞ prezidentindən gözlədiyi "erməni soyqırımı" məsələsinə münasibətdə "soyqırım" ifadəsini işlədərdi. Məlum olduğu kimi Tramp dörd illik hakimiyyəti dövründə bu ifadəni ermənilərin gözləntilərinə rəğmən işlətmədi", deyə Azər Qasımov bildirib.
 


Həmsöhbətimizə görə, görünən odur ki, Tramp yenə də "erməni kartı”ndan öz məqsədləri üçün istifadə etməyə çalışır:
 
"Hazırkı prezident Co Bayden isə qondarma "soyqırım” ifadəni işlətdi. Hesab edirəm ki, ermənilər də bunu yaxşı bilir. Odur ki, Trampın oyunlarına baxmayaraq ermənilər bu dəfə ona səs verməyəcək. ABŞ-da prezidentin kim olmasından asılı olmayaraq Azərbaycan dövləti öz siyasətini öz maraqları üzərində qurur və hansı prezidentin nə siyasət yürüdəcəyi bizə bir o qədər də təsir etmir. Azərbaycan öz torpaqlarını həm Trampın, həm də Baydenin hakimiyyəti dövründə müxtəlif əməliyyatlarla azad etdi. Buna heç bir ABŞ hakimiyyəti ciddi maneə olmadı və yaxud buna imkanları çatmadı. İndi edilən müəyyən təzyiqlər də sadəcə nisbi xarakter daşıyır. Ciddi effekti yoxdur. Odur ki, hansı namizədin qalib olacağından asılı olmayaraq Azərbaycan öz siyasətindən dönən deyil.  Eyni zamanda, həmin prezidentlə ölkəmiz üçün uğur hesab ediləcək tərzdə işləyəcəyik”. 

Qeyd edək ki, ABŞ-da prezidentliyə namizəd Donald Tramp Kilikiya katolikosu I Aramla telefon əlaqəsi saxlayaraq, bir sıra  məsələləri müzakirə etməklə yanaşı, bir daha Qarabağ ermənilərinə özünün dəstəyini təsdiqləyib. Erməni katolikos isə yeni adminstrasiyanın hakimiyyətə gəlişilə ABŞ-ın Qarabağ erməniləri, xüsusən də onların Qarabağa qayıdışı məsələsilə ciddi  məşğul olacağına ümid etdiyini bildirib. 

Rüfət Sultan

Seçilən
26
2
qaynarinfo.az

3Mənbələr