Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, universiteti bitirib, ancaq kəsr və digər səbəblərdən dolayı diplom ala bilməyənlər əsgərliyə getdikdə onlara güzəşt edilsin. Heç olmasa, xidmət müddəti 6 ay yox, 1-2 ay uzadılsın.
Bəs universitet oxuyub, amma hələ diplom ala bilməyən tələbələrə hərbi xidmətlə bağlı başqa hansı güzəştlər edilə bilər?
Bu barədə hərbi ekspert İbrahim Rüstəmli Redaktor.az-a açıqlamasında deputatın təklifini yüksək qiymətləndirdi.
O, əlavə etdi ki, əsgərlik həyatı qarışıqdır. Tələbə kəsrə görə əsgərliyə gedirsə, o qayıdandan sonra ən azı bir il yarım keçir, çünki ali təhsilli kimi getmir. Qayıdanacan bu vaxta kimi öyrəndiyi biliklərin unudulması, yaddan çıxması və s. kimi hallar baş verir:
"Onlara mütləq bir dəfə şans vermək lazımdır. Məsələn, orta məktəbi bitirən uşağın bir şansı olur ki, getsin ali məktəbə sənəd versin. Kəsrə görə onu hərbi xidmətə göndərməyin də müxtəlif səbəbləri ola bilər. Bu kəsrin arxasında nə dayanır? Tələbənin özünün xarakterinin, təhsilə münasibətinin də burada rolu çox önəmlidir.
Hərbi xidmətə çağırış dörd dəfə həyata keçirilir, yəni hər üç aydan bir çağırış olur. Həmin tələbəyə də üç ay möhlət verəndə dünya dağılmır. Amma ikinci, üçüncü şanslara ehtiyac yoxdur. Əgər onun bir kəsri azdırsa, ona möhlət verilsə, çox yaxşı olardı. Bu, həm onun üçün bir motivasiya olar, həm də təhsilinin arası qırılmaz, təhsil davamlılığı gözlənilər. Yoxsa bir il altı ay gedib, nə bilirsən, harada xidmət edəcək? Bəlkə də ən çətin bölgədə xidmət edəcək?".
Hərbi ekspertin sözlərinə görə, bu, humanizm, təhsil, praktik və nəzəri baxımdan da çox yaxşı təklifdir.
Sevinc İBRAHİMZADƏ