AZ

“Qəbələdə yüksək səviyyəli meydanlarda məşq edəndən sonra gedib elə stadionda meydana çıxmaq cinayətdi” - Asif Məmmədov

"Qəbələ" 1-ci liqada hələ məğlubiyyət üzü görməsə də, bu, lider olmaq üçün kifayət deyil. Çünki "Karvan" ilk altı matçda qələbə qazanıb və ən yaxın izləyicisi olan "Qəbələ"ni dörd xal qabaqlayır.

Həmçinin “qırmızı-qaralar” ölkə kubokunda da qol buraxmadan böyükhesablı qələbə qazandı və "Baku Sportinq"i mübarizədən kənarlaşdırmaqla 1/8 finalda "Qarabağ"a rəqib oldu.

Bütün bu məsələlərlə bağlı fikirlərini öyrənmək üçün "Qəbələ"nin kapitanı Asif Məmmədovla əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:

"Komandada ab-hava yaxşıdı. Çempionat yeni başlayıb. Üzülməyə heç bir əsas yoxdu. Oyunları izləyənlər bilir ki, xeyli qol vəziyyəti yaradırıq. Sadəcə, bəzın hamısından yararlanmaq mümkün olmur. İnanıram ki, get-gedə daha yaxşı olacağıq".

Bilindiyi kimi, Mehrac Baxşalı komandadan ayrılsa da, klub onunla müqaviləyə xitam verməyib. Oyunçu bunu baş məşqçi Kaxaber Sxadadzenin yaratdığı problemlə əlaqələndirir. Hazırda mütəxəssislə komanda arasındakı münasibətlərin qaydasında olmadığını düşünənlər az deyil. Asif bəy durumu belə dəyərləndirdi:

"Elə şey yoxdu. Hər şey tam qaydasındadı. "Qəbələ" yaxşı oyun göstərir. Məğlub olmamışıq. Qol buraxmamışıq. Zamanla daha yaxşısını edəcəyik. Heç kim ağzına gələni danışmasın. Kaxaber Sxadadze çox ağıllı, savadlı məşqçidi. Bəlkə də rəqiblərimiz "Qəbələ"nin adının söz-söhbətlərdə hallanmasında maraqlıdı. Özləri, bilər, bir də Allahları".

Təcrübəli kapitan "Karvan"ın meydanında keçiriləcək oyunlar haqda fikirlərini də bizimlə bölüşdü:

"Karvan"ın ev oyunlarına xeyli azarkeş gəlir. Ordakı ab-hava çox fərqli olur. Bunun çıxışımıza təsir etməyəcəyini desəm, yalan olar. Amma biz də azarkeşlərin önündə oynamaq istəyirik. Darıxmışıq elə atmosfer üçün... Ümumiyyətlə, stadionların durumunu nəzərə alsaq, heç bir səfər oyunumuz asan keçmir. Qəbələdə yüksək səviyyəli meydanlarda məşq edəndən sonra gedib elə stadionda meydana çıxmaq cinayətdi. Elə yerlərdə heç həvəskar komandalar da oynamamalıdı. Oyunlar elə bil bostanlıqda keçirilir. Təkcə rəqiblə yox, həm də or örtüyü ilə mübarizə aparırıq. Bu üzdən çempion olacağımıza yüz faiz arxayın deyilik".

Məmmədov sonda "Qarabağ"la oyuna yaxşı hazırlaşacaqlarını dedi:

"Ölkə kubokunda hədəfimiz bacardığımız qədər irəliləməkdi. Söhbət "Qarabağ"dan gedirsə, təbii ki, çox diqqətli oynamalı və əlimizdən gələni əsirgəməməliyik".

KƏNAN BAHADIR
Seçilən
16
football-plus.az

1Mənbələr