AZ

Kənd təsərrüfatı üçün fors-major şərait... - Fermerlərin ziyanı hansı haldaQARŞILANACAQ?

Biləsuvar rayonunda pomidor sahələrində xəstəlik yayılması səbəbindən məhsul çürüyüb. Fermerlər hava şəraitinin əlverişsizliyi və dərman preparatlarının keyfiyyətsizliyi üzündən hər yığımda demək olar, 50 faiz zərərlə üzləşiblər. On iki dəfəyədək yığılmalı olan məhsul, bu il cəmi 3 dəfə yığılıb.

Bəs bu halda həmin fermerlərə hər hansısa iqtisadi yardım edilməlidir? Hansı hallarda fermerin zərərinin ödənməsi, qarşılanması mümkündür?

Mövzu ilə əlaqədar Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Redaktor.az-a açıqlamasında bildirdi ki, 2024-cü ili kənd təsərrüfatı üçün fors-major şəraitdə keçdi. Ona görə də mən hesab edirəm ki, fermerlər ilk növbədə zərərə düşərkən onun qarşılığını əldə etmək istəyirlərsə, mütləq ya torpaqlarını, ya da məhsullarını sığortalamalıdırlar:

"Hər ikisi sığortalasalar, lap yaxşı olar. Bu cür zərərlərin qarşılığını almaq üçün hökumət ölkədə Aqrar Sığorta Fondu yaradıb. Həmin fond vətəndaşların ödəyəcəyi hissənin 50 faizini dövlət büdcəsindən ödəyir, yəni hökümət fermerlərə bu istiqamətdə yardım edir.  Aqrar Sığorta Fondunun özəl sığorta şirkətləri də var və onların sığorta hadisəsi zamanı ödədikləri vəsaitin hamısını da dövlət ödəyir. İndiki kənd təsərrüfatının sığortalanması üçün nəzərdə tutulan Aqrar Sığorta Fondunda həm sığortaçı şirkət qazanır, həm də fermerlər mənfəət əldə edir".

Bütün

İqtisadçının sözlərinə görə, sığortalanmada heç bir problem olmur və məbləğlər çox aşağıdır:

"Həmin aşağı məbləğin də yarısını hökumət ödəyir. Belə halda məhsulun və ya istehsal vasitələrinin sığortalanması fermerlər üçün çox səmərəlidir. Ona görə ki, bu cür itkilər baş verəndə, yəni məhsul çürüyəndə, yığım az olanda fermer sığorta əldə edə bilər. Yəni sığorta bizi sığorta hadisəsindən qorumur, sadəcə olaraq, sığorta hadisəsi baş verəndə fermerlərin itkilərini qarşılayır. Ona görə də mən bütün fermerləri Aqrar Sığorta Fondunda vəsaitlərini - istər istehsal vasitələri, istərsə də məhsullarını sığortalamağa çağırıram. Orada fərdi qaydada da, paket qaydasında da sığortalama var. Kimə hansı sərf edirsə, o sığorta üsulundan istifadə edə bilərlər".

A.Nəsirli qeyd etdi ki, hökumət Azərbaycanda kənd təsərrüfatının çox geridə qaldığını, zəif inkişaf etdiyini nəzərə ala bilər:

"Hökumət bu istiqamətdə müəyyən addımlar ata bilər. Bu il doğrudan da, kənd təsərrüfatı üçün fors-major şəraitli bir ildir. Bu cür itkilərə məruz qalmış sığortalanmayan fermerlər var ki, onlara müəyyən yardımlar, dəstəklər göstərə bilər. Amma burada itkinin tamamilə qarşısının alınması, tamamilə ödənilməsi yəqin ki, mümkün olmaz. Hesab edirəm ki,   2024-cü məhsul ilinə görə hökumət fermerlərə hər hansı yardım göstərməlidir. Belə olmasa,  bu il məhsul əkən fermerlərin 20-30 faizi gələn il artıq torpaqlarında məhsul becərmək imkanlarına malik olmayacaqlar. Əsasən də, bitkiçiliyə bu il çox ağır zərbə dəyib".

Sevinc İBRAHZİMZADƏ

Seçilən
22
1
redaktor.az

2Mənbələr