Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qazax rayonunun kəndlərindən birində baş verib.
Tərlan həmin kəndin ərazisində yerləşən örüş sahəsində tanışı Elçin ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun sifət nahiyyəsinə qəsdən bir neçə dəfə yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Tərlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə nəzərdə tutulan ittiham verilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Elçin ilə münasibətləri normal olub:
“Hadisə günü, saat 15 kənddə yerləşən heyvan otarmaq üçün örüş sahəsində olarkən Elçinin bizə məxsus sahədə xırdabuynuzlu heyvanlarını otarmasını gördüm. Elçinə yaxınlaşaraq heyvanları otlaq sahəsindən çıxarmasını istədim. Elçin heyvanları çıxardı. Lakin, həmin ərazini sulamaq üçün arxın qarşısını kəsəcəyini bildirdi. Suyun kəsiləcəyi halda mən açacağımı dedim. Elçin mənim ünvanıma nalayiq ifadələr işlətdi. Mən də Elçinin sözlərindən əsəbləşdim və yumruqla onu vurdum. Elçin mənimlə barışmır, ona görə də ondan üzrxahlıq etmirəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elçinin sözlərinə görə, Qazax rayonun kəndində yerləşən fermada yaşayır, xırdabuynuzlu heyvanlar saxlayır:
“Tərlan ilə münasibətlərimiz əvvəllər normal olub, aramızda narazılıq olmayıb. Hadisə günü, saat 15 radələrində xırda buynuzlu heyvanlarını Qazax rayonunun digər kənd ərazisində yerləşən örüş sahəsində otaran zaman Tərlan atla əraziyə gəldi və heyvanları örüş sahəsindən çıxarmağımı istədi. Buna görə aramızda sözlə mübahisə oldu. Sonra isə Tərlan yumruqla məni bir neçə dəfə sifət nahiyəmdən vurdu. Hadisə zamanı yanımızda və ya ətrafında heç kəs olmayıb. Tərlan məni döydüyü üçün 2 gün xəstəxanada qalmışam. Müalicəmə təxminən 300 manat çıxıb”.
Bu cinayət işinə Qazax Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Tərlan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulub.
Hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az